Close

25-30 min abituriyent ali məktəbə qəbul ola bilməyəcək

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayıb.

Təhsilin bu pilləsində olan şəxslər iyulun 10-dək Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq etməlidirlər?

Bəs, bu il subbakalavrların ali məktəblərə qəbul olma şansı nə qədərdir? Ümumiyyətlə, subbakalvrların ali məktəbə qəbulu ilə bağlı qərarın effektivliyini necə dəyərləndirmək olar?

Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi əvvəlcə bu il subbaklavrların qəbul şansını dəyərləndirib:

“Hər il müşahidə edirik ki, ən azı 20-25 min subbakalavr ali məktəblərə qəbul müsabiqəsində iştirak edir. Abituriyentlərə nəzərən, onların qəbul olma şansı elə də yüksək deyil. Builki vəziyyətə nəzər salaq. Ali təhsil istiqamətində 131 min nəfər ümumi müraciət qeydə alınıb. Ali təhsil müəssisələrinin l, ll, lll, və lV qrupları istiqamətində isə 91 min nəfərdən çox abituriyent qeydiyyatdan keçib. Mövcud plan yerlərinin təxminən 61-62 min olacağı gözlənilir. Rəqəmi abituriyentlərin sayı ilə müqayisə etsək, təxminən 25-30 min abituriyent müsabiqədən kənarda qalacaq. Bunun müqabilində subbakalavrların qəbul şansı elə də yüksək deyil”.

Mütəxəssis qeyd edib ki, subbakalavrlar hər il sayca az qəbul olunurlar: “Hər il 6-7 min subbakalavr qəbul olar, ya olmaz. Təbii artımla əlaqədar olaraq, qarşıdakı illərdə, təxminən 5-6 ildən sonra məzunların sayında azalma prosesi olacaq. Əgər müvafiq olaraq plan yeri də azalmasa, 5-6 ildən sonra subbakalvrların qəbul şansları indikindən daha çox olacaq”.

Elçin Əfəndi subbaklavrların ali məktəblərə qəbul prosesinin əhəmiyyətinə də toxunub: “Subbakalvrlar konkret öz ixtisaslarına uyğun ixtisasları seçə bilərlər. Onlar abituriyentlərdən fərqli olaraq, ixtisasları ilə bağlı müəyyən bir dərəcə qazanıblar. Həmin ixtisası əlavə olaraq, bakalavr pilləsi üzrə oxuyarkən daha yaxşı mütəxəssis kimi formalaşa bilərlər”.

Qeyd edək ki, artıq bir necə ildir Azərbaycanda subbakalavr dərəcəsi alan bütün məzunlara ali məktəblərə imtahansız, müsabiqə yolu ilə qəbul olmaq imkanı verilib. Kollec bitirənlərə 2012-ci ildən subbakalavr dərəcəsi verildiyindən ölkədə yalnız həmin ildən sonra orta ixtisas təhsili müəssisələrinin məzunu olan şəxslər bu imkandan yararlana bilirlər.

Eyni zamanda yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil almış subbakalavrlar kolleci bitirmiş subbakalavrlara bərabər tutulduğundan onların da ali məktəblərə müsabiqə yolu ilə daxil olmaq hüququ var.
Beləliklə, 2019-cu ildən orta ixtisas təhsil pilləsi, 2021-ci ildən isə yüksək texniki peşə təhsili səviyyəsi üzrə oxumuş subbakalavrlar yalnız müsabiqədə iştirak etməklə ali məktəblərə qəbul olurlar.

Aygün