Ölkəmizin DOST-ları: 6 ildə 3 milyondan çox xidmət

Bu gün ölkə üzrə 7 DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, 1-i Abşeronda, 1-i isə Bərdədədir. Həmçinin Zəngilan rayonunun Ağalı kəndində “Smart” DOST məntəqəsi və Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı fəaliyyət göstərir.
Bu, barədə TNS-ə Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru Şahin Əliyev məlumat verib.
O bildirib ki, hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri şəbəkəsinin qurulması üçün layihə, təmir-tikinti işləri aparılır: “Ümumilikdə ölkə üzrə 17 Regional DOST mərkəzi və 55 filialdan ibarət DOST şəbəkəsinin təşkil edilməsi nəzərdə tutulur.
2024-cü ildə DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib. Fəaliyyəti dövründə DOST mərkəzlərində 3,5 milyondan çox vətəndaşa xidmət göstərilib. DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,5 faizdir. Aparılan uğurlu sosial islahatlar proqramının mühüm nailiyyətləri sırasında DOST Konsepsiyası xidmətlərin əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan yaradıb. DOST konsepsiyası 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub. Onlardan 12-si Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Avropa üçün ən yaxşı təcrübə mükafatı”dır”.
Şahin Əliyev onu da vurğulayıb ki, bu gün əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar, əlilliyi olan şəxslər, xəstəliyin terminal (son) mərhələsində olan şəxslər evdə (səyyar) sosial xidmət göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin struktur bölmələrinə, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” ərizə ilə müraciət edə bilərlər.
Qeyd edək ki, bu günlərdə ilk DOST mərkəzinin açılmasının 6 ili tamam olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Prezident İlham Əliyevin 2018-ci il avqustun 9-da imzaladığı Fərmanı ilə yaradılıb. İlk DOST mərkəzi 2019-cu il mayın 9-da açılıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsi olan DOST layihəsi əhaliyə göstərilən sosial xidmətin ən müasir və yeni modeli kimi böyük uğurla tətbiq olunur.
Aygün