Close

15:24
16 May 2025

Şagird döyülüb öldürüldü, kişi arvadının başını kəsib eyvandan aşağı atdı...

Gəncədə 11-ci sinif şagirdi vəhşicəsinə döyülüb öldürülür. Başqa bir məktəbli bıçaqlanır. Üstəlik, 8-ci sinif şagirdi tərəfindən. Yaxud, kimsə həyat yoldaşının başını kəsir, eyvandan atır. Yaşlı bir insan ailə münaqişəsi zəminində yaşadığı evi yandırır. Təəssüf ki, bu gün onlarla belə hadisələr baş verir. Bu insanlar ayrı-ayrı fərdlər olsa da, bütövlükdə cəmiyyətin bir parçasıdırlar. Onların davranışları tək öz həyatlarına deyil, yaşadığımız mühitə də təsirsiz ötüşmür.

Bəs, insanlar nə üçün belə aqressivdir? Hansı addımlarla toplanan bu aqressiyanı azaltmaq olar?

TNS-in mövzu ilə bağlı suallarını cavablandıran sosioloq, AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi Ağasəlim Həsənov Azərbaycan cəmiyyətində sosial-psixoloji gərginliyin, aqressiv davranışların müşahidə olunduğunu deyib.

Müsahibimizin sözlərinə görə, aqressiya bütün yaş kateqoriyalarında özünü göstərir: “Müşahidələrimiz göstəriri ki, yeniyetmələrdən tutmuş yaşlı kateqoriya insanlara qədər aqressiv davranışlar müşahidə olunur.

Son zamanlar fərdlər arasında qeyri-tolerant, yəni dözümsüz davranışlar müşahidə olunur. Digərinin baxışlarına, inancına, əqidəsinə və ideologiyasına əvvəlki dövrlərlə müqayisdədə daha radikal münasibət müşahidə olunur.

Əgər cəmiyyətdə qeyri-tolerant mühit varsa, onun iqtisadi, sosial-psixoloji qaynaqlı çox dərin səbəbləri var. Cəmiyyət həyatında dözümlülük və ya qeyri-dözümlülük birdən-birə formalaşmır, nə də genetik amillərlə bağlı olmur”.

Aqressiv davranışların get-gedə artan xətt üzrə inkişaf etməsinin bir çox dərin səbəbləri olduğunu deyən sosioloq problemin bəzi sosial-iqtisadi, sosial-psixoloji, həyat tərzi ilə bağlı tərəflərinə aydınlıq gətirib: “Hazırki vəziyyət daha çox sosial-iqtisadi amillərlə bağlıdır. İnsanların dolanışıq üçün daha çox əmək sərf etməsi, daha çox işlərlə məşğul olması və s. amillər aqressiv davranışlara səbəb olan amilər arasındadır. Sosial-psixoloji səbəblər də var. Digər tərəfdən həyat tərzi ilə bağlı məsələlər var. Bütövlükdə bunlar cəmiyyətdə sosial-psixoloji gərginlik yaradır. Həyat tərzi ilə bağlı bir məqam üzərində dayanaq. Cəmiyyətdə bir sosioloji sorğu keçirək və insanlardan hər hansı bir hobbisinin olub-olmadığını soruşaq. Həftə sonu nə üçün darıxdıqlarını, həftəlik stresslərini unutduracaq bir fəaliyyətlərinin olub-olmadığını soruşaq. İdmanla, mədəniyyətlə nə dərəcədə əlaqəli oldqularına baxaq. Əksər insanların heç bir hobbisinin olmadığını müşahidə edirik. Bu, sırf həyat tərzi ilə bağlıdr”.

Ağasəlim Həsənov bildirib ki, insanlar özü üçün bir hobbi formalaşdırmalıdır: “Həftəlik iş, maddi təminat yetərli səviyyədə olduqda insanlar öz maddi gəlirlərindən idman, mədəniyyət və digər fəaliyyətlərə vaxt və maliyyə ayıra bilərlər. Bununla da həftəlik stress aradan qalxar və sosial-psixoloji gərginlik azalmış olar”.


Aygün