Qanun dəyişir - Bunun qarşısını almaq üçün dəstəyə ehtiyac var...

Məlum olduğu kimi, bu ilin iyul ayından yaxın qohumlar arasında nikah qadağan olunacaq. Yəni, təxminən bir aydan sonra yaxın qohumlar rəsmi şəkildə nikaha daxil ola bilməyəcəklər.
Xatırladaq ki, Prezident İlham Əliyev 2024-cü il iyulun 23-də Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Bu il iyulun 1-dən qüvvəyə minən həmin dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və bacıların ümumi bioloji baba və ya nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.
Ümumiyyətlə, bu gün dünya əhalisinin təxminən 20 faizi sosial faydalarına görə, qohum evliliklərinə üstünlük verir. Sosioloqların fikrincə, bu hal daha çox iqtisadiyyatı qapalı, savadsızlıq səviyyəsi yuxarı olan cəmiyyətlərdə baş verir.
Dövlət Statistika Komitəsindən TNS-ə verilən məlumata görə, 2024-cü ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən qohumlar arasında bağlanılmış rəsmi qeydə alınan nikahların sayı 2 034 olub. Qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363, 2022-ci ildə 2 542, 2023-cü ildə isə 1 935 olub. 2023-cü il ərzində ölkədə ümumilikdə 54 200 nikaha daxilolma və 21 688 boşanma halları qeydə alınıb.
2000-dən yuxarı qohum nikah az göstərici deyil. Digər tərfədən rəsmi nikaha daxil olmadan ailə quranlar da nəzərə alınarsa, ölkəmizdə kifayət qədər insan qohum evliliyi edir.
Mövcud reallıq sual doğurur. Bir aydan sonra bu rəqəmləri birdən-birə ortadan qaldırmaq mümkün olacaqmı?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva mövzu ilə bağlı TNS-ə verdiyi açıqlamada bir sıra məqamlara toxunub.
O bildirib ki, qan qohumları arasında bağlanan nikahların mənfi nəticələri nəzərə alınaraq, dövlət tərəfindən illərdir, mütəmadi tədbirlər həyata keçirilir: “Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Sənədin icrası 13 dövlət qurumuna və 76 yerli icra hakimiyyətinə tapşırılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən mütəmadi olaraq yeniyetmə və gənclərin, valideynlərin erkən evlilik və qohum evliliyin mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran görüşlər keçirilir, maarifləndirici vəsaitlər dərc edilir və yayımlanır, ölkədə qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsinə dair araşdırmalar aparılır.
Aparılan işlərə baxmayaraq, qohum nikahları aktual məsələlərdən biri olaraq qalırdı. Bu da ölkənin gələcək nəsillərinə və genofonduna cidddi təsir edə bilər. Son illər ərzində sağlamlıq problemləri ilə, irsi genetik xəstəliklərlə, xüsusilə də anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları ilə, talassemiya xəstəliyi ilə qeydə alınmış uşaqların sayında artım bu istiqamətdə ciddi tədbirlərin görülməsinin vacibliyini göstərirdi. Bu əsasda 2024-cü ildə Ailə Məcəlləsində qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, eləcə də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahların bağlanmasına qadağa qoyulmasına dair dəyişiklər edilib. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir”.
Komitə rəsmisi bildirib ki, qanunun qəbul edilməsi öz müsbət təsirini göstərəcək. Onun sözlərinə görə, eyni zamanda qanun rəsmi nikaha girmədən evliliyə daxil olanların sayının artmasına təsir göstərə bilər: “Belə halların qarşısının alınması üçün bütün aidiyyəti qurumlar, o cümlədən media tərəfindən əhalinin qohum nikahların fəsadları ilə bağlı məlumatlandırılması işlərinin gücləndirilməsi vacibdir.
Dövlət tərəfindən sözügedən məsələnin həlli istiqamətində lazımi tədbirlərin görülməsinə baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplər, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələr belə nikah hallarının baş verməsinə səbəb olur, bu da cəmiyyətin imkanlarını bu məsələnin həllinə yönəltməyin vacibliyini göstərir. İctimai fəal insanların, ümumilikdə bütün cəmiyyət üzvlərinin də belə halların qarşısının alınmasında yaxından iştirak etməsi cəmiyyətdə qohum nikahlarla bağlı düzgün münasibətin formalaşmasında çox vacibdir”.
Aygün