Əgər köməyə ehtiyacınız varsa... - Yemək hazırlayır, həkim çağırır, bazarlıq edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 3231 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilir. Onlardan 2957 nəfəri ahıllardır. Xidmət göstərilən şəxslərdən 2478 nəfəri qadın, 753 nəfəri isə kişidir.
Bu barədə TNS-in sorğusuna cavab olaraq, Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü il ərzində 4137 nəfəri ahıl, 391 nəfəri yaşı 70-dən aşağı olan əlilliyi olan şəxs olmaqla, ümumilikdə, 4528 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilib.
Bəs, bu xidmətlər necə həyata keçirilir?
Verilən məlumatda bildirilib ki, Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı şəhəri, Abşeron rayonu və Qarabağ iqtisadi rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonları üzrə evdə (səyyar) sosial xidmət göstərilir. Bakı şəhəri, Abşeron və Qarabağ iqtisadi rayonunda bu xidmət DOST mərkəzləri vasitəsilə həyata keçirilir.
Agentliyin filialları tərəfindən evdə sosial-məişət xidməti əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə göstərilir. Belə ki, çətin həyat şəraitində olan şəxs sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına ərizə və ərizəyə əlavə olunmaqla, çətin həyat şəraitində hesab edilməsi barədə müvafiq əsası təsdiq edən digər sənədlərlə müraciət edir. Çətin həyat şəraitində olan ailəyə sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri müraciət edə bilər.
Evdə (səyyar) sosial-məişət xidməti həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir. Sosial xidmətçilər həftədə iki dəfə tənha ahıl və əlilliyi müəyyən edilmiş şəxslərin evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.
Sosial xidmətçi tərəfindən göstərilən xidmətlər hansılardır?
Sosial xidmətçi tərəfindən göstərilən xidmətlər aşağıdakılardır:
-yemək hazırlanmasına kömək etmək (o cümlədən dietik yeməklər);
-özünə qulluq edə bilməyən xəstələri yedizdirmək və qabları yumaq;
-yataq dəstlərini dəyişdirmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək;
-zəruri ərzaq, sənaye və məişət mallarını almaq;
-mənzil pulunun və digər kommunal xərclərin ödənilməsini təşkil etmək;
-istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlamaq;
-evə həkim çağırmaq, həkimin təyinatı ilə aptekdən dərman almaq, həkim müayinəsinə aparıb-gətirmək;
-sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək və s.
Sosial işçi tərəfindən göstərilən xidmətlər isə belədir:
-qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına köməklik göstərilməsi;
-tənha ahıl vətəndaşların və əlilliyi olan şəxslərin sosial xidmət müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanılmasına köməklik göstərilməsi.
Qeyd olunub ki, evdə (səyyar) sosial-məişət xidməti çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcminə əsasən ödənişsiz göstərilir.
Xidmətdən yararlanmaq istəyənlər yaşadıqları rayon üzrə agentliyin müvafiq filialına, yaxud (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 WhatsApp sosial platforması, eləcə də agentliyin sosial media hesablarına müraciət edə bilərlər.
Qeyd edək ki, iki gün öncə Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Qanunda dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərin əsas məqsədi çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsidir.
Aygün