Close

Son illər belə qızların sayı təkrar artıb

Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilmişdi. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər.

Amma bu hal aradan qaldırılır. Belə ki, təxminən bir aydan sonra, yəni iyulun 1-dən 18 yaşdan kiçik şəxslərin nikaha daxil olması, ümumiyyətlə, qadağan olunacaq. Bu, Azərbaycanda Ailə Məcəlləsinə edilən dəyişikliyə uyğun olaraq, mövcud istisna halların ləğv edilməsi ilə əlaqədardır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən TNS-ə verilən məlumata görə, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Məlumata görə, ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə onların sayı 5138 olub. Qanunvericilikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə olunub.

2019-cu ildə nikahları qeydə alınmış 18 yaşadək gəlinlərin sayı azalaraq 366, bəylərin sayı isə 1 nəfər olub. 2021-ci ildə 18 yaşınadək nikaha daxil olan bir nəfər kişi cinsli vətəndaş olsa da, sonrakı illərdə qeydə alınmayıb.

2020-ci ildə erkən nikaha daxil olan qızlarla bağlı rəqəmlər daha da azalıb. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2020-ci ildə 18 yaşadək nikaha girən qızların sayı 165, sonrakı ildə isə 137 olub. Maraqlıdır ki, mövcud rəqəmlər növbəti illərdə təkrar yüksəlməyə başlayıb. 2022-ci ildə erkən nikaha daxil olan qızların sayı 270, 2023-cü ildə isə 223 olub. Komitədən aldığımız məlumata görə, 2024-cü il üzrə bu statistika hələ ki, mövcud deyil.


Aygün