Monitorinq imtahanlarına ehtiyac varmı?

4-6-cı sinif şagirdləri üçün bu il də monitorinq imtahanları keçiriləcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov prosesin tədrisin keyfiyyətinin yüksəldilməsi üçün olduğunu deyib.
Monitorinq imtahanlarında 310 mindən çox şagird iştirak edəcək və bu il ilk dəfə 10 minə yaxın şagird imtahanları elektron qaydada verəcək.
Bu imtahanların əhəmiyyəti nədədir? Ümumiyyətlə, monitorinq imtahanlarına ehtiyac varmı?
Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov bildirib ki, bu imtahanların keçirilmısi yalnız texniki tədbir kimi deyil, təhsilin erkən mərhələsində öyrənməyə yanaşma fəlsəfəsinin göstəricisi kimi qiymətləndirilməlidir: “4-6-cı siniflər üzrə keçirilən monitorinq imtahanları, ilkin olaraq, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi, tədris prosesində ortaya çıxan problemlərin müəyyənləşdirilməsi və ümumtəhsil proqramlarının icrasına nəzarət məqsədi daşıyır. Əgər təhsil sistemi bu imtahanları formativ, inkişafyönümlü və şəffaf şəkildə təşkil edirsə, bu tədbir faydalı ola bilər. Əks halda, şagirdləri erkən yaşda test mərkəzli öyrənməyə yönəltmək, onların maraq və yaradıcı düşüncə imkanlarını sıxışdıracaq və təhsilin mahiyyətini sıradan çıxaracaq.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 18-ci maddəsinə əsasən, ümumi təhsil sisteminin əsas məqsədlərindən biri şagirdlərdə yaradıcı təfəkkürün, müstəqil qərarvermə bacarığının, sosial və vətəndaş məsuliyyətinin formalaşdırılmasıdır. Lakin 4-cü sinifdən başlayaraq şagirdləri mərkəzləşdirilmiş monitorinq imtahanlarına hazırlamaq və nəticəyə görə sinif, müəllim, məktəb və bölgə müqayisələri aparmaq bu məqsədlə ciddi ziddiyyət təşkil edir. Bu yaş mərhələsində öyrənmənin məqsədi biliklərin sabit ölçülməsi yox, öyrənməyə marağın təşviqi və funksional savadlılığın inkişafıdır”.
Ekspert imtahanların müsbət tərəfini belə xarakterizə edib: “Monitorinq imtahanlarının müsbət tərəfi ondan ibarətdir ki, onlar təhsilin real vəziyyəti haqqında obyektiv məlumatlar təqdim edə bilər. Əgər bu nəticələr tədris proqramlarının təkmilləşdirilməsi, metodik vəsaitlərin yenilənməsi, müəllimlərin ehtiyac yönümlü təlimlə təmin edilməsi üçün istifadə olunarsa, sistemli dəyişikliklərə səbəb ola bilər. Lakin praktikada bu imtahanların nəticələri çox zaman formativ qiymətləndirmə aləti olaraq deyil, reytinq və sıralama vasitəsi kimi istifadə olunur. Müəllimlər və məktəb rəhbərləri təzyiq altında nəticə qazanmağa, şagirdlər isə suallara cavab əzbərləməyə təşviq olunur. Bu isə ümumi öyrənmə motivasiyasını azaldır, məzmunun mənimsənilməsinə deyil, test strategiyalarına fokus yaradır. Beləliklə, təhsil prosesinin əsas hədəfi olan təfəkkürün inkişafı məsələsi kölgədə qalır”.
Kamran Əsədovun sözlərinə görə, 2022-ci ilin təhsil hesabatlarında qeyd olunub ki, ibtidai siniflərdə keçirilən mərkəzləşdirilmiş qiymətləndirmə tədbirlərindən sonra şagirdlərdə stress, öyrənmədən uzaqlaşma və valideynlərdə narahatlıq halları müşahidə olunub.
"Dünya təcrübəsində bu məsələyə fərqli yanaşma mövcuddur. Məsələn, Finlandiyada aşağı siniflərdə mərkəzləşdirilmiş imtahanlara yer verilmir. Qiymətləndirmə müəllim tərəfindən fərdi şəkildə, şagirdin inkişaf dinamikasına uyğun aparılır və bu, valideynlərlə vaxtaşırı müzakirə olunur. Kanadada monitorinq qiymətləndirmələri yalnız 6-cı sinifdə həyata keçirilir və bu da sadəcə diaqnostik məqsəd daşıyır, nəticə fərdi şagirdə təsir etmir, məktəbin inkişaf planının hazırlanmasında istifadə olunur.
Azərbaycanda isə monitorinq imtahanlarının keçirilməsində bu nüanslar çox zaman nəzərə alınmır. Bəzi hallarda bu imtahanlar kütləvi narahatlıq yaradır, valideynlərin əlavə repetitor axtarışına başlamasına səbəb olur, müəllimləri nəticə yönümlü dərsə yönəldir və şagirdlərdə özünüqiymətləndirmə ilə bağlı zərərli təsirlər yaradır”,- ekspert qeyd edib.
Kamran Əsədov onu da vurğulayıb ki, əgər monitorinq imtahanları davam etdiriləcəksə, bu proses əsaslı şəkildə yenidən dizayn olunmalıdır. İmtahanlar stressiz, şəffaf, təzyiqlərdən uzaq, formativ və diaqnostik mahiyyət daşımalı, nəticələr fərdi şagirdə tətbiq olunmamalıdır.
Aygün