Close

Bu il imtahan verəcək müəllimlər daha şanslıdır

Müəllimlərin sertifikasiya imtahanının vaxtı açıqlanıb. 18-25 iyunda biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri sertifikasiya imtahanına cəlb olunacaqlar.

İmtanların vaxtına təxminən bir ay var. Bu müddət müəllimlərin imtahana hazılaşması üçün kifayət edəcəkmi? Ümumiyyətlə, müəllimlərin hazırlaşmadan, mövcud bilikləri ilə bu imtahanlarda uğur qazanması nə qədər mümkündür?

Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bir sıra məsələlərə aydınlıq gətirib.

O bildirib ki, bu il həm də ötən il ilk dəfə imtahan verib müsabiqədən keçməyənlər də qeyd olunan tarixdə keçiriləcək sertifikasiya mərhələsində iştirak edəcəklər: “İmtahanlara kifayət qədər zaman var. Bundan bir neçə ay əvvəl də imtahanların hansı fənnlər üzrə olacağı ilə bağlı informasiya verilmişdi. Yəqin ki, müəllimlər həmin dövrdən hazırlaşırlar.
Bundan sonra qalan bir ay müddətində daha ciddi hazırlaşıb, uğurlu nəticə əldə edə bilərlər. Düzdür, könül istər ki, müəllimlər bu imtahanları hazırlaşmadan versinlər. Yəni, onlar o qədər peşəkar olsunlar ki, heç bir hazırlığa ehtiyac olmadan prosesdən keçsinlər.
Amma məlum olduğu kimi, prosesin nəticəsi kimi əməkhaqqı artımı məsələsi də var. 51 bal və üzəri nəticədə 35, 31-51 bal aralığında nəticə göstərənlərdə isə 10 faiz artım var. Bu amilləri nəzər aldıqda, əlbəttə, hazırlaşmaları normal qarşılana bilər. Çünki həm kurikulumla, həm də ixtisaslarla bağlı suallara cavab verməlidirlər.Onun üçün də hazırlıq keçmələri labüddür”.

Elçin Əfəndi hesab edir ki, bu il imtahan verən müəllimlər daha yaxşı nəticə göstərə biləcək: “Düşünürəm ki, bu il imtahan verən müəllimlərin böyük əksəriyyətinin nəticəsi daha yaxşı olacaq. Çünki onlar artıq uzun müddətdir ki, hansı fənnlərdən imtahan olacağını bilirlər. Hazırlaşmaları üçün kifayət qədər zamanları olub. Ona görə digər fənlər, yəni ibtidai sinif, Azərbaycan dili, ədəbiyyat, riyaziyyat və xarici dilllərlə müqayisə etsək, bu ilin nəticələri daha yaxşı olacaq”.

Qeyd edək ki, sertifikasiya imtahanlarına 2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.

Aygün