Close

Gəncliyin səssiz böhranı...

Sosial şəbəkələrdə və ekran qarşısında uzun saatların keçirilməsi gəncləri tənhalığa sürükləyir. Saatlarla telefon ekranında “gəzmək”, sonsuz sayda bildirişlər arasında itmək...
Bütün bunlar ciddi yorğunluq mənbəyidir.

Mütəxəssislər rəqəmsal dünyanın özü ilə bərabər rəqəmsal tükənmişlik böhranı yaratdığı barədə xəbərdarlıq edirlər. Onların fikrincə, gənclər virtual aləmin cazibəsinə qapıldıqca həm fiziki, həm də psixoloji cəhətdən yorulurlar.

TNS mövzu ilə bağlı türkiyəli professor Behice Han Almışın yerli mediaya verdiyi açıqlamanı təqdim edir.

Professor gənclərdə rəqəmsal tükənmişliyin əlamətlərini, psixoloji təsirlərini və sağlam rəqəmsal həyat üçün təkliflərini sadalayıb.

O, gənclərin ekran qarşısında keçirdikləri vaxtın artmasının narahatlıq yaratdığını bildirib: “Gənclər arasında zəiflik, enerji çatışmazlığı və xroniki yorğunluq müşahidə olunur. Bu vəziyyət xronikiləşəndə gənclər tənhalaşır, depressiyaya düşürlər. Gənclər rəqəmsal və real həyat arasında tarazlıq qura bilməsələr, motivasiyalarını itirərlər. Məktəb və iş həyatı ilə bağlı performansda azalma görünür. Bundan əlavə, sosial media şəxsiyyətin inkişafına mənfi təsir göstərir, davranış pozğunluqlarına və tənhalığa səbəb olur".

B.H. Almışın fikrincə, rəqəmsal dünyadan planlaşdırılmış şəkildə müəyyən müddət uzaq qalmaq-rəqəmsal detoks vacibdir: “Rəqəmsal detoks gənclərin əqli və fiziki sağlamlığını yaxşılaşdırır. Ailə bağlarını gücləndirir, stress səviyyələrini və diqqətin yayındırılmasını azaldır. Həddindən artıq ekrana məruz qalma nəticəsində yaranan koqnitiv disfunksiya rəqəmsal detoks ilə bərpa edilə bilər".

Professor sağlam sosial media istifadəsi üçün təkliflərini də əsirgəmir:
- Sosial media savadlılığı: yanıltıcı məzmuna qarşı tənqidi bir baxış inkişaf etdirin.
- Vaxt limiti: yuxu, yemək və ictimai fəaliyyətlər zamanı telefon bildirişlərini söndürün.
- Məxfilik: şəxsi məlumatlarınızı paylaşmaqdan çəkinin; Dostlarınızın şəkillərini icazəsiz paylaşmayın.
- Etik istifadə: təhqir, söyüş və kiber zorakılıqdan çəkinin; Yazıların məzmununu yoxlayın.
- Reallıqlara bağlı qalmaq: sosial mediada gördüyünüz məzmunun əksəriyyətinin virtual olduğunu unutmayın.
- Daha az məzmun, daha az bəyənmə: həddindən artıq paylaşım perspektivinizi daralda bilər; ölçülü hərəkət edin.

Rəqəmsal tükənmənin qarşısını almağın 5 yolu
- Gündəlik ekran vaxtınızı məhdudlaşdırın.
- Sosial media bildirişlərinizi söndürün.
- Ən azı həftədə bir dəfə rəqəmsal detoks edin.
- Şəxsi məlumatlarınızı qoruyun, təhlükəsiz paylaşın.
- Real həyat münasibətlərinizə üstünlük verin.

Professorun sözlərinə görə, sosial mediada görünmə-var olma istəyi gənclər üçün gizli stress mənbəyidir.

O, bu vəziyyətin gənclərin özünü qavrayışını pozduğunu və virtual aləmdə görünmək istəyinin real həyatda uğur qazanmaq səyini əvəz etdiyini qeyd edib: “Gələcəkdə sosial medianın aldadıcı təsirləri arta bilər, gənclərin özünü dərk etmələri pisləşə bilər”.

"Sosial şüur və şüurlu təhsillə bu vəziyyəti əksinə çevirmək mümkündür. Texnologiya bizi deyil, biz texnologiyanı idarə etməliyik”,- Almış əlavə edib.

Aygün