Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi

“Ali təhsil haqqında” Qanunun üzərində iş gedir. Amma nə vaxt bitəcəyini, nə vaxt müzakirələrdən keçərək Milli Məclisin plenar iclasına veriləcəyini heç kim deyə bilməz”.
Bunu TNS-ə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.
O bildirib ki, qanun layihəsi bir saata, bir günə, bir aya hazır olan iş deyil: “Hazırda üzərində iş gedir. Milli Məclisə qədər də bu sahə ilə məşğul olanların müzakirəsinə veriləcək. Müzakirələrdən sonra hər tərəfin qeydlərinə baxılacaq və ən nəhayət, plenar iclasa çıxarılacaq. Amma dediyim kimi, o da nə vaxt olacaq, necə olacaq, bunu heç kim deyə bilməz”.
Millət vəkili qanunun qəbulunun gecikməsinə səbəb kimi məmur təzyiqinin, maraqların toqquşması kimi səbəblərin göstərilməsinin doğru olmadığını deyib: “Bu məsələdə heç kimin heç yerdə marağı toqquşmur. Qanunla bağlı nə maraq toqquşa bilər? Biz icraedici orqan deyilik ki. Qanun layihəsi hazır olduqdan sonra müzakirəsi keçirilir və qəbul olunur. Kim nə yazırsa, kim nə deyirsə, desin. Heç bir maraq toqquşa bilməz. Milli Məclisdə hər il kifayət qədər qanunlar qəbul olunur. Maraqlar toqquşursa, o qanunlar necə olur ki, qəbul olunur? Müstəqli Azərbaycanın hansı qanuna ehtiyacı varsa, “Ali təhsil haqqında” Qanun da o səviyyədə olacaq”.
Qeyd edək ki, təhsil sahəsi üzrə mütəxəssis Kamran Əsədov bir müddət əvvəl TNS-ə müsahibəsində bildirib ki, Azərbacanda “Ali təhsil haqqında" Qanunun qəbul olunmamasının səbəbi ciddi məmur təzyiqinin baş verməsidir: “Bu qanun çox ciddi məsələləri həll edəcək. Azərbaycanda ali təhsil məktəblərinin muxtariyyəti, ali təhsilin maliyyələşməsi, hazırda mövcud olan elmlər namizədi və elmlər doktoru adlarının birləşməsi baş verəcək. Eyni zamanda, distant təhsil haqqında qanun qəbul olunacaq və distant təhsil yolu ilə alınan diplomların tanınma məsələsi var. Bir sözlə, bu qanun bizim ali təhsil müəssisələrinin yeni bir pilləyə keçidini təşkil edəcək. Ona görə də hazırda ciddi təzyiqlərə məruz qalıb. Biz keçən çağırışda qanunun Milli Məclisdə qəbul olunmasını gözləyirdik. Düşünürdük ki, yeni çağırış Milli Məclis qanunu qəbul edər. Amma, məsələni ümumiyyətlə, müzakirədən çıxardılar. “Ali təhsil haqqında" Qanunun qəbulu zəruridir. Ali təhsilin inkişafını istəyiriksə, mütləq şəkildə bu qanunu qəbul etməliyik. Hazırda bir çox məsələlər, hüquqi bazada olan boşluqlara görə həllini tapa bilmir. Təəssüf ki, Mili Məclis məsələni müzakirədən çıxardı. Halbuki qanun hazırdır. Ən pis halda belə, biz onu qəbul etməliyik. Sonrakı mərhələdə təkmilləşmə aparıla bilər. Heç olmasa, qanunu qəbul etməsək də, Nazirlər Kabineti bır sıra qərarlar verməlidir. Amma o da gecikir. Prosesi siyasi məsələyə çeviriblər”.
Aygün