Close

"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?

Məlum olduğu kimi, "Temu" onlayn satış platformasında məhsullar son dərəcə aşağı qiymətlərlə satılır. Biz buradan 13 dollara smart saat, 5 dollara köynək, 7 dollara ayaqqabı ala bilərik.

Bəs, niyə əşyalar bu qədər ucuzdur?

TNS mövzu ilə bağlı araşdırma aparıb.

"Temu" Çin alış-veriş saytı "Pinduoduo"nun qardaş şirkətidir və hər ikisi "PDD Holdings"ə məxsusdur. "Temu" geyimdən tutmuş elektronikaya qədər müxtəlif kateqoriyalarda geniş çeşiddə məhsullar təklif edir.

"Temu" "Amazon" və "Aliexpress" kimi onlayn satış platformalarından daha ucuz məhsul təklif edir. Səbəb nədir? Burada tələ varmı?

Birinci səbəb. "Temu" məhsulları vasitəçilərdən yox, birbaşa fabrikdən alır. Çində geniş təchizatçılar şəbəkəsi ilə əlaqələr qurub. Bunların əksəriyyəti birbaşa istehlakçılara satan istehsalçılardır. Satış baş verəndə "Temu" satıcılardan kiçik bir komissiya alır. Qazancı satıcılarla bölüşmək üçün "Temu"dan başqa vasitəçi yoxdur. Nəticədə, satıcılar aşağı qiymət təyin edə, lakin yenə də yüksək gəlir əldə edə bilərlər. Əksər hallarda müştərilər bir neçə dollar ödəməklə gözləntilərinə uyğun məhsul əldə edə bilirlər.

İkinci səbəb. "Temu" ziyanına satış strategiyasından istifadə edir. Yəni, əvvəlcə ziyanına aşağı qiymətə sataraq bazarı ələ keçirmək. 

Çünki şirkətin xərclədiyi vəsait külli miqdardadır. Bilirsiniz ki, "Temu"nun reklamları demək olar, bütün sosial platformalarda qarşımıza çıxır. Bunun üçün də "Temu" hər gün milyonlarla dollar pul xərcləyir. Bunu satışa fokuslanan psixoloji fənd hesab etmək olar. Məsələn, gerisayım başlayır, endirim kampaniyası bitir, son şans və s. Həmçinin, "Temu" virus marketinqindən (dostunu da dəvət et, qazan) istifadə edir. Beləcə, biz özümüz də bilmədən "Temu"nun müştərisinə çevrilirik. 

Üçüncü səbəb. "Temu" böyük həcmli satışlardan və şəxsi məlumatların əldə olunmasından qazanır. Çünki şirkət bizim bütün əsas məlumatlarımız - dostlarımızın əlaqə nömrəsindən tutmuş məkanımıza qədər hər şeyi bilir. 

Hələ 2023-cü ildə kibertəhlükəsizlik mütəxəssisləri "Temu"nun həddən artıq şəxsi məlumatlar topladığını aşkar ediblər. Digər fakt, dünyanın müxtəlif yerlərində hökumətlər onların təhlükəsizlik siyasətini araşdırmağa başlayıblar. Bəzi ölkələr "Temu"nu bloklamağı düşünürlər. 

Axı, "Temu"dan təhlükəsiz necə istifadə edək?

Öncə, ödənişi maaş kartınızla yox, digər kartlarla edin. Həmin kartın da balansında az məbləğ saxlayın. İkincisi, "Temu"nun kontaktlara girişini bağlayın. Üçüncüsü, pulsuz hədiyyə almağa aşırı fokuslanmayın. Bu, bir tələ taktikası ola bilər. 

Azadə Yolçu