Close

Helikopter meydançalarına dair tələblər müəyyənləşib

Helikopter meydançalarının layihələndirilməsinə, tikintisinə və texniki göstəricilərinə dair digər tələblər təsdiq edilib.

TNS xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Tələblərə əsasən, helikopter meydançalarının inşası və yenidən qurulması ilə bağlı layihələr Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olmalıdır. Helikopter meydançalarının tikintisi üçün sifarişçi tərəfindən tikintiyə icazə və tikinti obyektinin istismarına icazə alınması Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir. Tikintisi nəzərdə tutulan helikopter meydançasının tikinti layihəsi ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq göndərilmiş sorğuya əsasən mülki aviasiyaya münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə Müdafiə Nazirliyi tərəfindən rəy verilir. Tikintisi başa çatmış helikopter meydançasının istismara yararlılıq və təhlükəsizlik tələblərinə uyğun olaraq sertifikatlaşdırılması aidiyyəti üzrə qurum tərəfindən həyata keçirilməlidir.

Helikopter meydançalarının layihələndirilməsi və tikilməsi üçün yer müəyyənləşdirilərkən həmin meydançanın inkişaf perspektivləri də nəzərə alınmaqla istismarçı tərəfindən kompleks qiymətləndirmə aparılmalıdır. Helikopter meydançalarının axtarış-xilasetmə, yanğınsöndürmə və təcili tibbi yardım xidmətləri ilə təmin olunmasının daha əlçatan olması məqsədilə ən səmərəli yollar, giriş-çıxış nöqtələri seçilməli və helikopter meydançası qeyd olunan xidmətlərə daha yaxın məkanda layihələndirilməlidir. Helikopter meydançalarının layihələndirilməsi zamanı ərazinin topoqrafik xüsusiyyətləri, uçuşların təhlükəsizliyinə təhdid yarada biləcək bütün təbii (sel, daşqın, güclü küləklər və s.) və antropogen (yaxınlıqdakı zavodlar, partlayış təhlükəsi olan hərbi obyektlər və s.) təsirlər nəzərə alınmalıdır. Səthlərin ölçülərinə dair uyğunluğu ilə bağlı tələbləri pozan obyektlər həmin obyektin sahibi tərəfindən (helikopter meydançası ərazisində olduqda isə istismarçı tərəfindən) Konvensiyaya 14 nömrəli Əlavəyə, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının digər beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq işarələnməli və işıqlandırılmalıdır. Helikopter meydançalarına icazəsiz giriş və çıxışın məhdudlaşdırılması, həmçinin helikopter meydançası ərazisinə vəhşi təbiət ünsürlərinin daxil olmasının qarşısının alınması üçün istismarçı tərəfindən perimetr boyunca hasarlanmalı və ya fiziki maneə (baryer) ilə təmin edilməlidir. Sutkanın qaranlıq vaxtı görüntünü yaxşılaşdırmaq üçün fiziki maneə (baryer) və ya hasar perimetr boyunca işıqlandırılmalıdır. Helikopter meydançalarının layihələndirilməsi zamanı Konvensiyaya 14 nömrəli Əlavə və “Doc 9261, Dənizdə qurulan helikopter meydançasının Təlimatı” sənədinin tələblərinə, o cümlədən aşağıdakı digər müddəalara uyğunluq gözlənilməlidir:

- helikopter meydançasının ölçüsünün gələcəkdə istismar edilməsi planlaşdırılan ən böyük helikopterin ölçülərinə uyğunluğu;

 
- maneələrdən azad və təhlükəsiz uçuş əməliyyatları aparmaq üçün tələb olunan təhlükəsizlik zonalarının ölçüləri;

- meydançalarda vizual aeronaviqasiya vasitələri;

- meydançaların səth örtüyünə qoyulan tələblər.

İstismarçı tərəfindən helikopter meydançalarının ətraf mühitə mənfi təsirlərini azaltmaq üçün Konvensiyaya 16 nömrəli Əlavə, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının digər beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə və milli qanunvericiliyə əsasən nəzərdə tutulmuş müvafiq tədbirlər görülməli və ətraf mühitə mümkün təsirlərin kompleks qiymətləndirilməsi aparılmalıdır. İstismarçı tərəfindən ətraf mühitə təsirlərin qiymətləndirilməsinin nəticəsinə əsasən təsirlərin azaldılması üzrə fəaliyyət planı hazırlanmalı və qabaqlayıcı tədbirlər görülməlidir.

Helikopter meydançalarının istismarçıları tərəfindən beynəlxalq tələblərə uyğun olaraq, fövqəladə hallar üçün fəaliyyət planı tərtib edilir, xilasetmə və yanğınsöndürmə işlərinin təşkil edilməsi üçün tədbirlər görülür. Bu Tələblərdə nəzərdə tutulan tələblərin (tikintiyə icazə və tikinti obyektinin istismarına icazə ilə bağlı tələblər istisna olmaqla) yerinə yetirilməsinə nəzarəti aidiyyəti üzrə qurum həyata keçirir.