O proqram tam işləsəydi, qəzalar bu qədər olmayacaqdı...

Ötən il paytaxt yollarında 240 piyada vurma hadisəsi baş verib.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib. Qəzalar zamanı dünyasını dəyişən 111 piyadadan 6-sı uşaq olub. Cari ilin 4 ayı ərzində isə piyada vurma qəzaları zamanı 30 piyada dünyasını dəyişib, 5 uşaq isə xəsarət alıb.
Bu cür qəzalarda daha çox kimlər məsuliyyət daşıyır? Qəzaların sayını azlatmaq üçün hansı addımlar atılmalıdır?
Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov TNS-ə açıqlamasında bildirib ki, piyadaların vurulması ilə nəticələnən qəzaların 50 faizində günah piyadalarda, digər yarısında isə məsuliyyətsiz sürücülərdə olur: “Piyadaların səbəb olduğu qəzaları araşdıran zaman görürük ki, günün qaranlıq saatlarında geniş zolaqlı yolları keçən piyadalar qəzaya səbəb olurlar. Həm öz həyatlarını itirirlər, həm də sürücülər üçün problem yaradırlar. Sırf piyadların ucbatından baş verən qəzalarda belə, sürücülər məsuliyyətə cəlb edilir. Belə olmamalıdır. Bu cür piyadalar üçün cərimələr yüksəldilməlidir. Bu gün belə piyadalar cəmi 20 manatdan 40 manata kimi cərimə olunur. Bilərəkdən avtomobilin qarşısına çıxan piyadalar 200-400 manat cərimə olunsa, heç bir piyada özünü maşının qarşısına atmayacaq. Simulyasiyanın da qarşısı alınacaq. Bəzi hallarda qazanc əldə etmək üçün özünü avtomobilin altına atan fırıldaqçılar da olur”.
Eldəniz Cəfərovun fikrincə, bu kimi problemlər həm piyadaların, həm də sürücülərin yol savadlılığının aşağı olması, yol mədəniyyətinin, sürücülük mədəniyyətinin zəif olmasından qaynaqlanır.
“Bu gün mövcud sürücülük məktəbləri, kurslarının vəziyyəti yaxşı deyil. Bakı, Sumqayıt və Gəncədən başqa ölkənin bir çox bölgələrində bu cür məktəblərin çoxu formal xarakter daşıyır. Elm və Təhsil Nazirliyi sürücülük məktəbləri ilə bağlı yoxlamalar aparmalıdır. Sürücülük təlimi keçməyə layiq olmayanlara sertifikatlar verilməməlidir. Yaxşı olar ki, yol hərəkəti qaydaları ilə bağlı orta məktəblərdə yalnız “Həyat bilgisi” fənni çərçivəsində bir neçə dərs deyil, fundamentel olaraq yol hərəkəti qaydalarını izah edən konkret dərslər keçirilsin”,- mütəxəssis qeyd edib.
E.Cəfərovun sözlərinə görə, qəzaların baş verməsində yolların çala-çuxur, keyfiyyətsiz, qaranlıq olması, nişanlanmaması və nasaz avtomobillər də rol oynayır.
O vurğulayıb ki, bu səbəbləri aradan qaldırmaq üçün effektiv islahatlar aparmaq lazımdır: “Prezidentin 2018-ci ildə imzaladığı “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” yenidən gündəmə gəlməlidir. O proqram 2019-2023-cü illəri əhatə etməli idi. Əgər bütün müddəlara əməl edilsəydi, 5 il ərzində qəzaların sayı 30 faiz azaldılmalı idi. Təəssüf ki, müfaviq qurumlar bunların bir qismini həyata keçirmədilər. O proqram gündəmə gəlməlidir və 2025-2030-cu illəri əhatə edən proqram olmalıdır. Çalışmalıyıq ki, qəzaların sayını heç olmasa, 30 fazi azalda bilək”.
Aygün