Niyə yağış yağan kimi kəndlər su altında qalır?

Bu dəfə də Hacıqabul rayonunda bəzi əraziləri su basıb. Son dövrlər bir az güclü yağış yağan kimi bölgələrdə subasma hadisələri yaşanır. Evlər, təsərrüfat sahələri su altında qalır. Təəssüf ki, ölüm halları da baş verir.
Bu hadisələr hansı səbəblərdən baş verir? Yağış doğrudanmı, təbii fəlakətə səbəb olacaq qədər çox yağır? Ümumiyyətlə, subasma probleminin kökündə hansı amillər dayanır?
Mütəxəssislər hesab edir ki, plansız, reallığı nəzərə almadan yaşayış üçün evlərin tikilməsi sonradan problemlər yaradır.
Mövzu ilə bağlı TNS-ə danışan “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli bir sıra vacib məqamlara aydınlıq gətirib.
O bildirib ki, uzun illərdir sel gəlməyən, əslində isə sel yatağı olan ərazilərdə yaşayış üçün evlər tikilib, təsərrüfatlar qurulub: “Bir neçə gündür Xankəndidə idim. Güclü yağış yağırdı. Bir mütəxəssis kimi vəziyyətlə bağlı müşahidə apardım. Yağışın altında insanlar işləyirlər. Yol çəkilir, körpü salınır və s. Bir tərəfdən isə sel gedir. Məsələ ondadır ki, sel insanların işinə heç bir maneçilik yaratmır. Öz yolu ilə gedir. Səbəbi odur ki, o şəhərdə tikintilər düzgün formada aparılır. Eynilə Ağdamda bu vəziyyəti müşahidə etdim. Yağış, sel olsa da, insanların işinə heç bir çətinlik yaratmırdı.
Yəni, hər yağan leysana, yağıntının gətirdiyi fəsada təbii fəlakət adı vermək olmaz. Təbii fəlakət vulkan püskürməsi, həftələrlə davam edən güclü yağış yağması, zəlzələ nəticəsində ola bilər. Bir-iki günlük yağış nəticəsində evlər uçur, həyətləri su basırsa, deməli problem bizim özümüzdədir. Selablarda-sel ağzında ev tikirik. 10 il, bəzən hətta 50 il sel gəlmir, amma bir gün yağış yağanda sel gəlir və evləri su basır. Evlər tikilərkən planlanmalı, mütəxəssislər tərəfindən ölçülüb-biçilməli, geoloji durum, tektonik vəziyyət dəyərləndirilməlidir. Rayonlarda coğrafi şərait nəzərə alınmır, dam örtükləri düzgün qurulmur. Bir dəfə külək olan kimi damların örtüyünü aparır. Çay yatağında evlər tikilib. Çay ordan yavaş-yavaş axır. Yağış çoxalanda, çayların yatağında suyun səviyyəsi artanda isə hamısı suyun altında qalır”.
Ekoloqun sözlərinə görə, meşələr qırılır, nəticədə torpaq sürüşməsi baş verir.
Qorxmaz İbrahimli qeyd edib ki, illərdir tikinti bumu çay yataqlarından çınqıl daşıyır ki, nəticədə çay yataqları dəyişib: “Yəni, bu problemlərin çoxu insan amili ilə bağlıdır”.
Mütəxəssis yağış zamanı Bakı şəhərində yaranan vəziyyətdən də danışıb: “Bakı şəhərində kanalizasiyaların düzgün salınmaması subasmalara səbəb olur. 5 mərtəbəli bina sökülür və yerində göydələn tikilir. Bu zaman heç bir norma gözlənilmirsə, problemlərin baş verməsi qaçılmaz olur”.
Aygün