5 ilə sadəcə 5 məzunla bunu necə yarada bilərik?

Bu gün Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya, Skandinaviya ölkələri, İtaliya, Fransa kimi dünyanın inkişaf etmiş əksər ölkələrində birinci pillə səhiyyə xidmətinin göstərilməsində ailə həkimliyi modelindən geniş istifadə olunur. Mütəxəssislər vurğulayır ki, bu xidmətin tərkibində sadəcə müalicəedici xidmətlər deyil, eyni zamanda fərdə yönəlik qoruyucu xidmətlər də (səhiyyə maarifi, peyvəndləmə və müayinə) yer alıb. Eyni zamanda sağlamlıqla əlaqəli bütün məsələlərdə ilkin dəyərləndirməni aparmaq, ailə üzvləri arasında sağlamlığa təhlükə hallarını erkən aşkarlamaq və müalicəni təşkil etmək də qoruyucu xidmətlərin tərkibinə daxildir. Ailə həkimliyinə keçiddə məqsəd həm də ilkin pillədə fərdlərin ehtiyacları olan qoruyucu xidmətlər (immunizasiya, əks-epidemik tədbirlər və s.) barədə əhaliyə məlumat vermək, səhiyyə maarifi işini aparmaq, fərdlərin yaşayış keyfiyyətlərini və sağlamlıq vəziyyətlərini yaxşılaşdırmağa çalışaraq əhalinin sağlam inkişafına kömək etməkdir.
Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?
Mövzu ilə bağlı TNS-ə məlumat verən Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov bildirib ki, ölkəmizdə də qanun çərçivəsində ailə həkimliyinin yaradılmasına qərar verilib: “2020-ci ildən etibarən rezidentura proqramında ailə həkimliyi proqramı var. Amma 2025-ci ilə olan rəqəmlərə görə, həmin vaxtdan bu günə qədər yalnız 30 nəfər ailə həkimliyi ixtisası üzrə rezidenturaya qəbul olunub. Onlardan sadəcə 5 nəfəri prosesi uğurlu şəkildə tamamlaya bilib”.
Rəşad Mahmudov ölkə əhalisinin sayına uyğun olaraq, nə qədər ailə həkiminə ehtiyac olduğunu da açıqlayıb: “Avropa və Türkiyə nümunəsindən bilindiyi kimi ortalama 2 min insana bir ailə həkimi xidmət göstərməlidir.
10 milyonluq əhalisi olan bir ölkə və yaxud 100 min əhalisi olan rayonu götürək. Bu rəqəmlərə baxdığımız zaman sadəcə kiçik bir bölgəmizdə belə, 50 ailə həkiminə ehtiyac var. Rezidentura üzrə bu ixtisası bitirənlərin sayına baxsaq, bu günkü reallıqda ailə həkimliyi boşluğunu həmin məzunlarla həll etmək çətin olacaq”.
Millət vəkili problemin digər həlli yolunu da açıqlayıb: “Türkiyə və Avropa təcrübəsində 6 illik tibb təhsili çərçivəsində mütləq şəkidə bir illik internatura proqramı var. Həmin ölkələrdə ailə institutu yaranana qədər internatura proqamından keçən pratisyen həkimlər (ümumi praktikant) ailə həkimliyi sahəsində olan boşluğu doldura bilirdilər. Biz də 6 illik tibb təhslilinin bir ilini mütləq internaturaya ayırmalıyıq. İnternaturada praktik tibb vərdişləri qazanan tələbələri tibb universitetini bitirdikdən sonra bölgələrdə ailə həkimliyinə yönləndirə bilərik”.
Rəşad Mahmudov vurğulayıb ki, ötən il tibb universitetindən məzun olan 700 nəfərdən yalnız 250-si rezidentura proqarmına daxil ola bilib.
O, proqramdan kənarda qalan həkimlərin effektiv istifadəsinin mümkünsüzlüyündən danışıb: “Ölkəmizdə hər il universiteti bitirən həkimlərin 450-yə yaxını təcili yardım xaricində heç bir yerdə işləmə hüququ əldə edə bilmir. Hər il bu qədər məzunu qısa müddətli sürətli kurslara cəlb etməklə bölgələrdə birinci mərhələli tibbi sanitariya xidmətini təşkil etmək mümkündür”.
Aygün