Close

Bu şirkətlərlə bağlı araşdırma başladı

Qəbələ, Salyan, Quba, Xaçmaz, Siyəzən və İmişlidə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı ETSN-dən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

TNS xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla Qəbələ şəhəri ərazisində “Qəbələ Konserv Zavodu” MMC-nin vəzifəli şəxsi tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulması, “S.A.T.İnvest” MMC-nin fəaliyyəti zamanı tullantıların qalaqlanması və yandırılması nəticəsində ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, həmçinin “Az-İnşaat” MMC tərəfindən Quba rayonu ərazisində, vəzifəli şəxs “SND Group” MMC-nin direktoru Qasımov Elvin Səxavət oğlu tərəfindən İmişli rayonu Çahar kəndi ərazisində qanunsuz olaraq qum-çınqıl qarışığının götürülərək yerin təkindən qanunsuz istifadə edilməsi, Siyəzən rayonunda “MMZ” MMC-nin, Xaçmaz rayonunda “Elfaro” MMC-nin fəaliyyəti zamanı ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228 (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə), 233.1 (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması), 264.0.1 (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi) və 271-ci (tullantıların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı şəhərinin Xəzər və Nərimanov rayon məhkəmələrinə göndərilib.