3 milyon vətəndaş gözləyir - Qərar nə vaxt veriləcək?

Sosial müavinət və təqaüdlərin nə zaman artırılacağı hələ ki, məlum deyil. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə təkliflərin hazırlanması ilə bağlı ötən il dekabrın 23-də Sərəncam imzalanıb. İmzalanan Sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində təkliflərin hazırlanması ilə bağlı tapşırıq verilmişdi.
Nəzərdə tutulan vaxt mart ayında başa çatsa da, Nazirlər Kabineti bu barədə heç bir açıqlama verməyib.
Sosial müavinət və təqaüdlərin ilin ikinci yarısından artırılacağı gözlənilirmi?
Mövzu ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı alim, deputat Vüqar Bayramov bildirib ki, sənədə əsasən, Nazirlər Kabinetinə verilən müddət artıq mart ayının ikinci yarısında başa çatıb:
“Sosial paketin növbəti elementi sosial müavinət və təqaüdlərin artırılmasını nəzərdə tutur. Bütövlükdə sosial paket 3 milyon vətəndaşımızı əhatə edəcək. Bu istiqamətdə əlavə olaraq, 1,6 milyard manat vəsait ayrılacaq. Hər halda, bütövlükdə sosial paketin hər bir elementinin ayrı-ayrılıqda fiskal qiymətləndirilməsi həyata keçirilir və daha sonra bu istiqamətdə qərarlar verilir”.
Deputat vurğulayıb ki, 23 dekabr tarixli Sərəncamda məhz sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub: “O baxımdan bizim gözlənti ondan ibarətdir ki, bu istiqamətdə maliyyə qiymətləndirilməsi başa çatdıqdan sonra sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı qərarın verilməsi mümkün olacaq. Növlər üzrə müavinət və təqaüdlərin artımının nə qədər olması istiqamətində Milli Məclisdə büdcə müzakirələrində təkliflər təqdim olunub, eyni zamanda mediada təkliflərin müzakirəsi həyata keçirilib. Amma konkret olaraq, artım faizinin nə qədər olacağı sənəd imzalandıqdan sonra məlum olacaq. Bütün hallarda sosial paketin növbəti mərhələsində biz müavinət və təqaüdlərin artırılmasını görə biləcəyik”.
Aygün