Close

İnternetin sürəti niyə zəifdir? - AÇIQLAMA

Son zamanlar ölkədə internetin sürətindən şikayətlər artıb. Bəs, ölkədəki problem həll edilənə qədər nə etmək lazımdır?

Məsələ ilə bağlı TNS-in suallarını informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov cavablandırıb. 

O bildirib ki, artıq Azərbaycan internet infrastrukturu istiqamətində dünyanın gəldiyi son texnologiyadan istifadə edir:

"Bu da o deməkdir ki, ölkəmizin bütün yaşayış məntəqələrində fiber-optik şəbəkə yaradılıb. Yəni, internet bütün ünvanlarda əlçatandır. Lakin bununla yanaşı, yenə də internetlə bağlı şikayət edən insanlar var. Bəs, belə olan halda, nə etməliyik? Öncə vətəndaşlar bilməlidirlər ki, internet problemi sadəcə xətlərlə bağlı olmaya bilər. Misal üçün qeyd edək ki, biz fiber-optik dövründən əvvəlki vaxtlarda simli xətlərlə internet istifadə etdiyimizdə, hava şəraiti (külək, qar, yağış və s.), yaxud simlərin köhnəlməsi internetin verilişinə təsir edə bilərdi.  Amma hazırda gündəmdə belə bir məsələ yoxdur, çünki Azərbaycanın bütün yaşayış məntəqələri fiber-optik internet infrastrukturu ilə möhkəmlənib".

Mövcud problemin səbəbini ayrı-ayrı provayderlərin xidmətində görən ekspert qeyd edib ki, burada əsas məsələ provayderlərin öz xidməti keyfiyyətlərini artırmasıdır: "Çünki dediklərimin fonunda düşünə bilərik ki, artıq internet problemi olduqda vətəndaşlar ev və ofisdaxili infrastrukturlarına baxmalıdırlar. Çünki ola bilər ki, modem düzgün tənzimlənməyib, həmçinin, kömpüterdə, yaxud digər internetə bağlı olan cihazlarda virus var, ya da yaddaşı həddən artıq yüklənib. Bu tip probler internetə ciddi təsir edir. Əgər sizin telefonunuzda, yaxud kompüterinizdə yaddaş həddindən artıq dolubsa, bu, ümumi kompüterin, yaxud telefonun istifadəsinə birbaşa təsir edəcək. Təbii ki, provayder problemləri də qaçılmazdır. Bu hal deməyə əsas verir ki, həmin şirkətlər öz işlərini düzgün icra etmirlər. Fiber-optik internet xəttini modemə qoşmadan noutbukla speed-test, yaxud digər ölçü vasitəsilə internet sürətini yoxlamaq lazımdır. Həmin  göstəricilər ödənilən məbləğə əsasən təklif olunan internet paketinin miqyasının əlçatan olub-olmamasını təyin edir. Əgər ödənilən məbləğin qarşılığında təqdim olunan internetin sürəti modemə gəlmədən cihaza gəlirsə, onda bu o deməkdir ki, problem evin içindədir. Yox, əksi baş verirsə, yəni həmin internet həcmini almırsınızsa, deməli, problem şirkətlə bağlıdır. Hər bir halda etiraf etməliyik ki, Azərbaycanda internet dünyanın istifadə etdiyi son standartdadır”.

Azadə Yolçu