Close

Bakı-Tbilisi sərnişin qatarının açılması İstanbula gedənlər üçün...

Məlumdur ki, 2020-ci ildən ölkəmizin quru sərhədləri bağlıdır. Bununla əlaqədar olaraq beynəlxalq istiqamətdə qatarla sərnişindaşıma fəaliyyəti də dayandırılıb.

Son vaxtlar Bakı-Tbilisi sərnişin qatarının may ayının sonunda bərpa olunacağı ilə bağlı məlumatlar yayılır. Maraqlıdır ki, məlumatları Gürcüstan mətbuatı yazsa da, Azərbaycan tərəfindən bu barədə heç bir fikir bildirilmir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən TNS-ə qatar yolunun bərpa olunub-olunmayacağı ilə bağlı heç bir yeni məlumatın olmadığı bildirilib.

Sosial şəbəkələrdə, ümumiyyətlə cəmiyyətdə bu məsələ ilə bağlı yaranan qeyri-müəyyənlik narahatlıq yaradır, müzakirə olunur.

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərlinin gözləntisinin nə olduğunu soruşduq. Ümumiyyətlə, adı keçən xidmətin bu ayın sonunda bərpası real görünürmü?

İqtisadçı TNS-ə açıqlamasında qatar yolunun açılmasının vacib olduğunu bildirib: “Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bərpa edilməlidir. Doğru olan da budur. Azərbaycan dünyada quru sərhədləri bağlı qalan yeganə ölkədir. Ona görə də ilkin olaraq, heç olmasa, dəmir yolunun açılması, növbəti mərhələdə isə pandemiyadan əvvəlki qaydada gediş-gəlişin bərpa olunması kifayət qədər vaxtı çatmış bir məsələdir. Ümid edirəm ki, yaxın zamanlarda bu məsələ ilə bağlı rəsmi qərarlar veriləcək. Və ən azından Bakıdan Tiflisə qatar yolu ilə gediş-gəlişə start veriləcək”.

İqtisadçı bu məsələnin başqa bir vacib tərəfindən söz açıb: “Azərbaycan həm də Bakı–Tbilisi–Qars dəmir yolunun da müəllifidir. Bildiyimə görə, orada sərnişin daşınması üzrə də böyük layihələr var. Sərnişindaşınma layihələrinin həyata keçirilməsi, sərnişinlərin Bakıdan İstanbula qədər qatarla getməsi mümkündür. Ona görə sərhədlər açılmalıdır ki, Bakı -Tbilisi-Qars dəmir yolunun potensialından da tam istifadə etmək mümkün olsun”.

Aygün