Close

Fond 260 milyon vəsaiti işsizlərə verəcək?

Azərbaycanda fəaliyyətdə olan İşsizlikdən Sığorta Fondunun vasitəsilə bu il 260 milyon manatdan artıq vəsaitin xərclənməsi nəzərdə tutulub.

Bu barədə TNS-ə deputat Vüqar Bayramov sözügedən vəsaitin hansı istiqamətlərdə xərclənməsinin nəzərdə tutulmasından danışıb:

“İşsizlikdən Sığorta Fondunun əsas fəlsəfəsi iş yerini itirən vətəndaşlarımızın sığorta ilə təmin olunması və iş təminatınadək dövlət tərəfindən dəstəklənməsidir. Mövcud qanunvericiliyə əsasən, vətəndaş işlədiyi müddətdə işsizlikdən sığorta fonduna vəsait ödəyir. İş yerini itirdiyi halda, fonda toplanan həmin vəsait hesabına dövlət tərəfindən aylıq ödənişlərlə təmin olunur. Dövlət müddətli şəkildə həmin vətəndaşlara ödəniş təqdim edir. 2025-ci ildə İşsizlikdən Sığorta Fondu vasitəsilə bütövlükdə 260 milyon manatdan artıq vəsaitin xərclənməsi nəzərdə tutulub. Bu vəsait daha çox sığorta hesabına yığılıb”.

Deputat bildirib ki, qeyd olunan vəsaitin bir qismi işsizliyə görə sığortanın ödənilməsi, digər bir qismi isə aktiv sosial proqramların dəstəklənməsinə ünvanlanacaq: “Xüsusilə, DOST tərəfindən həyata keçirilən, eyni zamanda aktiv sosial proqramların, yəni əmək bazarında məşğulluğu təmin edən və dəstəkləyən proqramların maliyyələşməsinə yönəldiləcək. Məqsəd ondan ibarətdir ki, bir tərəfdən toplanmış vəsait aktiv sosial proqramların, yəni vətəndaşlarımızın işlə təminatına yönəldilsin, digər tərəfən isə iş yerini itirən vətəndaşlarımız üçün sığorta kimi təqdim olunsun”.


Aygün