"Əlil şəxslər daim köməyə möhtac olurlar" - Məhdudiyyətli yazar danışdı

Bu gün Beynəlxalq Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının qərarı ilə 1992-ci ildən 5 may Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur.
Bu günün məqsədi geniş ictimaiyyətin diqqətini əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə bağlı problemlərə cəlb etməkdir.
Bəs, Azərbaycanda vəziyyət necədir, əlilliyi olan şəxslərin hüquqları lazımi qədər qorunurmu?
Mövzu ilə bağlı TNS-in suallarını əlilliyi olan yazar Samir İmanov cavablandırıb.
O bildirib ki, hazırda əlilliyi olan insanların qarşılaşdığı problemlərin sayı kifayət qədərdir:
"Azərbaycanda fiziki məhdudiyyətli biri olaraq sərbəst şəkildə yaşamaq faktiki olaraq çox çətindir. Buna görə də əlilliyi olan şəxslər daim köməyə möhtac olurlar ki, “kənar şəxslər” də 99 % onların ailə üzvləri olur. Əlilliyi olan insanın daimi müalicəsi və bahalı ortopedik məhsullarla təminatı da ailənin üzərinə düşür".
S. İmanovun sözlərinə görə, əlillik məsələləri üzrə ixtisaslaşmış qeyri hökumət təşkilatlarının (QHT) işi də qənaətbəxş deyil: "QHT-lərin aldıqları qrant müqabilində həyata keçirdikləri layihələr yalnız danışmaqdan, təlim keçməkdən, maarifləndirməkdən və bu kimi ancaq danışmaqla həyata keçirilə bilən layihələrdən ibarət olur ki, bu tip layihələrin də əlil insanlara heç bir şəkildə faydası olmur.
Nəqliyyat sistemini əlilliyi olan insanlar üçün uyğunlaşdırmağa başlasalar da, bu sahədə görüləcək işlər kifayət qədərdir. Cəmi bir neçə inklüziv təhsil müəssiəsi var. Evdə verilən təhsilin səviyyəsi isə çox aşağı olur. Bütün bunlara görə də əlil insanlar yüksək keyfiyyətli təhsil almaqdan məhrum olurlar".
Azərbaycan 2008-ci ildən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Konvensiyaya qoşulub. 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunub, müvafiq hüquqi-normativ sənədlərdə dəyişikliklər və əlavələr edilib. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm dəyişiklikər olub.
Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Ötən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 mln. manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 mln. manat ödənilib.
Qeyd edək ki, 1992-ci il mayın 5-də Avropanın 17 ölkəsində əlilliyi olan insanlar eyni vaxtda əlilliyi olan insanlar üçün bərabər hüquqlar uğrunda, fiziki, əqli və hissiyyat çatışmazlığı olan insanlara qarşı ayrı-seçkiliyə qarşı mübarizə günü keçirdilər. Həmin vaxtdan belə tədbirlər ənənəvi hal alıb və hər il mayın 5-də də keçirilir.
Azadə Yolçu