Close

Universitetlərdə mobil telefon qadağası- Professordan açıqlama

Bu günlərdə Finlandiya parlamenti məktəblərdə mobil telefonlardan istifadəni məhdudlaşdıran qərar qəbul edib.

Bu barədə sosial şəbəkə hesabında paylaşım edən filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli qərarı doğru hesab etdiyini vurğulayıb: “Tədrisin, qavramanın effektliyi baxımından bu qərarı doğru hesab edirəm.

Ali məktəbdə dərs deyir, mühazirələr oxuyuram, hətta ən maraqlı mövzuların tədrisi zamanı auditoriyadakıların 80-90 faizinin diqqətinin telefonda olduğunu görürəm. Diqqəti yayındırmaq səbəbindən belə hesab edirəm ki, bizdə də bu addıma ehtiyac var. Auditoriyada-dərsdə mobil telefon məhdudlaşdırılmalıdır”.

Mövzu ilə bağlı TNS-ə danışan Bakı Ali Neft Məktəbinin "Biznesin idarə edilməsi" kafedrasının müdiri Altay İsmayılov bildirib ki, hazırda ali məktəblərdə telefon istifadəsi daxili qayda-qanunlar əsasında tənzimlənir: “Hazırda müxtəlif universitetlərdə dərs zamanı mobil telefondan istifadəni məhdudlaşdıran qayda var. Tələbə dərs zamanı mobil telefondan istifadə edə bilməz. Reallığa gəldikdə isə bu prosesi tənzimləməyin və tətbiq etməyin çətinlikləri var. Ola bilər ki, mərkəzləşmiş qaydada bu barədə qərar qəbul olunsun. Amma belə bir qaydanın qəbul olunacağını düşünmürəm. Mövcud qaydaları daha da sərtləşdirmək olar. Nəticə etibarilə bu gün mobil telefonlardan dərsdə istifadə məsələsi problemdir. Çünki tələbələr mobil telefonlarla çox məşğul olurlar. Digər tərfədən də bu prosesin qarşısını almaq çətin məsələdir”.

Qeyd edək ki, beynəlxalq səviyyəli araşdırmanın nəticələrinə görə, telefonu sadəcə masanın üstündə saxlamaq belə, zehni performansı orta hesabla 20 faiz aşağı salır. Telefonlar tamamilə səssiz rejimdə olsa da, “görəsən, bildiriş gəlibmi” düşüncəsi beynimizdə diqqətin yayınması üçün vasitə olur.

Elm adamları əlimizdə və ya yaxınlıqda telefonun olmasından qaynaqlanan diqqət itkisini “zehni sızma” kimi xarakterizə edirlər. Çünki şüurlu şəkildə telefonumuza baxmasaq belə, beynimiz “hər an xəbərdarlıq almaq” narahatlığından tam fokus vəziyyətinə girməkdə çətinlik çəkir. Bu sızma kranı tam bağlaya bilməmək kimi bir şeydir ki, suyun damlaması kiçik bir detal kimi görünsə də, uzun müddətdə ciddi itkilər yaradır.
Xüsusilə imtahan zamanı telefonunu stolun üstünə qoyan tələbələrin telefonunu başqa otaqda qoyanlara nisbətən daha az bal topladığı müşahidə edilib. Avropada aparılan bir araşdırma göstərib ki, ofis mühitində işçilər telefonlarını gözdən uzaq saxladıqları zaman diqqət müddəti əhəmiyyətli dərəcədə artıb.

Telefonun bildiriş səsi və ya titrəyiş siqnalı diqqəti ən çox yayındıran amillərdəndir.
Mütəxəssislər bildirir ki, masa üzərində qapalı qutudan və ya çəkməcədən istifadə etmək telefonu gözdən uzaqlaşdırmağa kömək edir. Beləliklə, beyin hərdənbir ekranı yoxlamaq istəyindən uzaqlaşa bilər.
Telefonu tamamilə fərqli otaqda saxlamaq isə zehni konsentrasiyanı artırır.

Xatırladaq ki, yeni tədris ilindən ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış şagird davranış qaydalarının tətbiqi nəzərdə tutulub. Bu qaydaların arasında məktəblərdə mobil telefondan istifadənin qadağan olunması da var. Belə ki, qaydalarda təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.
Bundan əvvəl, Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış qaydalar pilot olaraq 300-dən çox məktəbdə tətbiq olunur.

Aygün