Close

Bu gün Günəşin günüdür

3 may Beynəlxalq Günəş Günüdür. Bu günün tarixi 1970-ci illərə təsadüf edir. Günəş Gününün qeyd edilməsində məqsəd ekoloji cəhətdən daha təmiz resurs hesab olunan Günəş enerjisindən istifadənin təşviqidir.

Yer kürəsinin ən yaxın ulduzu...

Yer kürəsinə ən yaxın ulduz olan Günəş dünya üçün güclü kosmik enerji mənbəyidir. O, bitki və heyvanat aləmi üçün mühüm olan işıq və istilik verir, Yerin atmosterinin əhəmiyyətli xüsusiyyətlərini formalaşdırır. Günəşsiz yaşayış üçün mühüm sayılan hava da olmazdı, hava donmuş suların və buzlaşmış qurunun ətrafında maye azot okeanına çevrilərdi.

Əlçatan eneji mənbəyi

Günəş, külək, dəniz dalğaları və biokütlə bizi daimi əhatə edən və əlçatan enerji xammalıdır. Onu yerin dərinliklərindən çıxarmaq lazım deyil. O, radioaktiv tullantıların əmələ gəlməsinə səbəb olmur, zəhərli maddələr istehsal etmir. Bu, bərpa olunan enerjidir. Bərpa olunan enerji mənbələrindən istifadə imkanlarına diqqəti cəlb etmək və Günəşin Yerdə yaşayış üçün həyati vacib amil olmasını xatırlatmaq məqsədilə Beynəlxalq Günəş Enerjisi Cəmiyyətinin Avropa bölməsi (ISES-Europe) 3 May – Günəş Günündə hər il könüllülük əsasında müxtəlif tədbirlər təşkil edir.

Müasir dünyada Günəş enerjisi bərpa olunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Günəş şüasından elektrik enerjisi əldə etmək məqsədilə Günəş panellərindən, istilik və isti su təminatı üçün isə Günəş kollektorlarından istifadə edilir.

TNS xəbər verir ki, İRENA-nın (Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi) 2024-cü il üzrə hesabatına əsasən, 2023-cü ildə dünyada bu mənbə üzrə qoyuluş gücü 346 QVt və ya 32,2 faiz artaraq 1 419 QVt-a çatıb. Bu da ümumi bərpa olunan enerji qoyuluş gücünün 37 faizini təşkil edir.

Günəş enerjisinin qoyuluş gücünə görə Çin 610 QVt nəticə ilə öndədir. Qoyuluş gücünə görə Çinin ardınca ilk beşlikdə ABŞ (139 QVt), Yaponiya (87 QVt), Almaniya (82 QVt), Hindistan (73 QVt) yer alır.
Azərbaycanda Günəş enerjisi üzrə iqtisadi potensial 23 000 MVt həcmindədir. Ölkəmizdə Günəş enerjisi üzrə qoyuluş gücü 281,9 MVt təşkil edir. 2023-cü ildə Xəzər regionunda və MDB məkanında ən böyük Günəş elektrik stansiyası olan 230 MVt gücündə Qaradağ GES istismara verilib. Qeyd edək ki, Azərbaycanda daha 3 Günəş elektrik stansiyası inşa ediləcək.

Xatırladaq ki, bu ilin aprel ayında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclasları çərçivəsində üç Günəş enerjisi layihəsi üzrə müqavilələr imzalanıb. Onlardan biri 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası, 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası və Naxçıvan şəhərində 30 MVt gücündə Günəş elektrik stansiyası olacaq.

“Yaşıl enerji zona”larının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən layihələrin reallaşması nəticəsində ümumilikdə illik 268 milyon kVt-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 59 milyon kubmetr qaza qənaət edilməsinə və 128 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

Bizim Günəşimiz...

Azərbaycanda Günəş hər zaman folklorumuzun, şifahi xalq ədəbiyyatımızın əsas qəhrəmanlarından olub. Günəşə həsr olunan əsərlərə incəsənətimizin bütün növlərində rast gəlmək olar.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Araz 1982-ci ildə “Günəş Günü” adlı şeir qələmə alıb.

Əkinçi, səpinçi gününə yaxın,
Dəmirçi, kömürçü gününə yaxın,
Bu günü qoparaq il budağından,
Elə adisinin, elə bozunun.
Süpürüb qarını, silib tozunu
Yuyub gözümüzdə, sözümüzdə biz
Sərib qurudub da sinəmizdə biz,
O günə ad verək, ad – Günəş Günü,
Əkək ağlımıza, yaddaşımıza.
Bir gün salam verək, - İşığın aydın!
Töhfəmiz olmasın işıqdan ayrı...


Aygün