Close

İşsizlərə nə qədər və hansı şərtlərlə ödəniş verilir?

Azərbaycanda 2018-ci ilədək "işsizlik müavinəti" adı ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə müəyyən ödənişlər olunub. 2018-ci ildən isə işsizlik müavinəti işsizlikdən sığorta ödənişi anlayışı ilə əvəzlənib.

Hazırda işsizlikdən sığorta ödənişi hansı şərtlərlə və kimlərə verilir?

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, işsizlikdən sığorta ödənişi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır: “Qanunvericiliyə əsasən sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər:
1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə;
2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;
3. müəssisənin mülkiyyətçisi dəyişdikdə;
4. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;
5. əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə;
6. əmək müqaviləsinin müddəti qurtardıqda;

Sığorta ödənişi almaq hüququ yaranmış şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” Mərkəzlərində işsiz kimi qeydiyyata alınmalıdır”.

Sığorta ödənişi necə hesablanır?

Məlumatda o da qeyd olunub ki, işsiz kimi qeydiyyata alınan şəxsin məlumatları Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə yoxlanılaraq, sığorta ödənişinin təyin olunması, yaxud ondan imtina edilməsi barədə qərar elektron qaydada verilir:“Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məşğulluq proqramını təsdiq etdiyi aydan sonrakı ayın ilk günündən hesablanır.

Sığorta ödənişi şəxsin sadalanan 1-5 əsasları ilə işdən azad olunduğu hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə təyin edilir”.

Nə qədər ödəniş verilir?

Məlumata görə, bu ödəniş şəxsin sığorta stajından asılı olmayaraq, onun itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanaraq 6 ay müddətinə, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir: “Əmək müqaviləsinin müddətinin bitməsi halında isə 3 ay müddətinə minimum aylıq əmək haqqı məbləğində ödəniş təyin olunur”.

Aygün