Close

Yaxında olan məktəbi seç - Canyananlıq, yoxsa qadağa?

Bu gündən Azərbaycanda 2025–2026-cı tədris ili üzrə birinci sinfə şagird qəbulu prosesinə başlanılıb.

Məlum olduğu kimi, uşaqların I sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı bir neçə şərt irəli sürülür. Belə ki, uşağın ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşaması, bacı və ya qardaşlarından birinin həmin ümumi təhsil müəssisəsində təhsil alması və ya uşağın valideynlərindən birinin həmin ümumi təhsil müəssisəsində işləməsi kimi prinsiplər əsas tutulacaq.

Qeyd edək ki, ötən il üstünlük hüququ tətbiq edilən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edilmişdi. Bu il isə Sumqayıt şəhəri üzrə prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin mikroəraziləri ictimaiyyətə elan edilib.

Bəs, bu qaydanın tətbiq olunmasını zəruri edən amillər hansılardır? Qaydanın tətbiqi valideynlər üçün hansı çətinlikləri yaradır?

Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov bildirib ki, I sinfə qəbul prosesinə start verilməsi təhsil sistemində illərlə davam edən mürəkkəb məsələləri yenidən gündəmə gətirir:

“Bu məsələlərin başında məktəblərə qəbul zamanı “prioritet məktəblər” anlayışının tətbiqi və daimi qeydiyyatda olmayan valideynlərin qarşılaşdığı çətinliklər dayanır. Bakı şəhərinin bəzi məktəblərində ərazi prinsipi tətbiq olunur və bu prinsipə əsasən yalnız həmin məktəbin mikroərazisində qeydiyyatda olan uşaqlar həmin təhsil müəssisəsində təhsil almaq hüququ qazanır. Bu tətbiq, bir tərəfdən yerli əhalinin təhsil hüququnu qorumaq məqsədi daşısa da, digər tərəfdən çoxsaylı ailələrin hüquqi, sosial və psixoloji problemlər yaşamasına səbəb olur.

Təhsil Nazirliyinin məlumatına görə, 2024-cü ilə olan statistikaya əsasən, Bakı şəhərində 300-dən çox ümumtəhsil məktəbi fəaliyyət göstərir və bu məktəblərin yalnız 15 faizində – əsasən mərkəzi və yüksək reytinqli məktəblərdə – ərazi prinsipi tətbiq olunur. Bu da o deməkdir ki, sözügedən məktəblərə yalnız daimi qeydiyyatda olan şagirdlər qəbul edilir. Ərazi prinsipi tətbiq olunmayan məktəblərdə isə şagird qəbulunda daha geniş seçim imkanı olsa da, bu məktəblərin bir çoxu valideynlərin prioritet saydığı təhsil keyfiyyəti baxımından arzuolunan deyil. Beləliklə, prioritet məktəblər üzrə sıxlıq daha da artır və nəticədə “əlavə əlaqələr”, “qeyri-rəsmi müraciətlər”, “köçürülmə qeydiyyatları” kimi etik olmayan hallara rəvac verilir”.

Kamran Əsədov xatırladıb ki, “Təhsil haqqında” Qanununun 13-cü maddəsinə əsasən, hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan məktəbdə pulsuz ümumi təhsil almaq hüququna malikdir. O qeyd edib ki, bu hüquq praktikada bəzən yalnız rəsmi qeydiyyatla təmin olunduğu üçün əslində sosial-iqtisadi vəziyyəti zəif olan, kirayədə yaşayan və ya qeydiyyatsız köç edən ailələr bu hüquqdan məhrum edilir: “Bəzi valideynlər isə məktəbin ərazisində qeydiyyat ala bilmədikləri üçün ya övladlarını daha uzaq məktəblərə yönəldir, ya da qeydiyyat üçün qeyri-qanuni yollar axtarır. Bu isə həm sosial ədalət prinsipini pozur, həm də məktəblərarası bərabərsizliyi daha da dərinləşdirir”.

Mütəxəssis məsələnin müsbət tərəfindən də bəhs edib: “Müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi bu problemləri minimuma endirmək üçün bir sıra tədbirlər həyata keçirib. Məsələn, əgər uşaq həmin məktəbin mikroərazisində müvəqqəti qeydiyyatda olsa, həmin ailə təhsil hüququndan istifadə edə bilir. Eyni zamanda, əgər uşağın bacısı və ya qardaşı həmin məktəbdə oxuyursa, valideynlərdən biri məktəbdə çalışırsa və ya məktəbətrafı evdə yaşayan nənə-baba ilə yaşayırsa, bu hallar da nəzərə alınır. Bu istisna hallar hüquqi əsaslarla tənzimlənsə də, çoxsaylı ailələr üçün bu, ya tətbiq edilmir, ya da idarəedicilərin subyektiv qərarlarından asılı vəziyyətdə qalır. Bu isə sistemin şəffaflıq və hüquqi sabitlik prinsipinə ziddir”.

Dünya təcrübəsi nə deyir?

O bildirib ki, dünya ölkələrinin əksəriyyətində məktəb seçimi zamanı ərazi prinsipi tətbiq olunsa da, bu, heç vaxt təhsilə çıxışı məhdudlaşdıracaq şəkildə sərt qaydalarla həyata keçirilmir: “Məsələn, Finlandiyada məktəbə yaxınlıq əsas amildir, lakin ailənin xüsusi ehtiyacları və sosial vəziyyəti nəzərə alınmaqla başqa məktəb seçiminə də şərait yaradılır. Almaniyada da şagirdlər yaşadıqları ərazidə məktəbə getməyə təşviq olunurlar, lakin valideynlərin müraciəti əsasında digər məktəblərə keçid mümkündür və bu, inzibati deyil, ailənin qərarı kimi qəbul edilir. ABŞ-də isə bir çox ştatlarda “open enrollment” prinsipi tətbiq olunur və ailələr məktəblər arasında sərbəst seçim edə bilir, lakin məktəbə qəbul zamanı nəqliyyat məsələlərinin təmin edilməsi valideynin üzərinə qoyulur. Yəni bu ölkələrdə ərazi prinsipi hüquq deyil, tövsiyə xarakteri daşıyır. Azərbaycanda isə bu məsələ hüquqi baxımdan qeyri-müəyyəndir. Belə ki, “Ümumtəhsil məktəblərinə şagird qəbulu Qaydaları”nda ərazi prinsipi istisna kimi təqdim edilsə də, reallıqda bu prinsiplə idarə olunan məktəblərin sayı və onların ictimai əhəmiyyəti (reytinqi, reputasiyası və s.) valideynlər üçün ciddi təzyiqə çevrilib. Bu isə sistemli planlaşdırmanın və idarəetmə çevikliyinin zəif olduğunu göstərir”.

Kamran Əsədov qeyd edib ki, əgər bu proses mövcud formada davam edərsə, növbəti illərdə daha çox valideyn məktəbə qəbul zamanı qeyri-rəsmi vasitələr axtaracaq, təhsil hüququ sosial status və resurs imkanları ilə şərtlənəcək, bu da təhsildə bərabərsizlikləri dərinləşdirəcək: “Eyni zamanda, bölgədən paytaxta axın edən ailələrin uşaqları üçün keyfiyyətli təhsilə çıxış daha da məhdudlaşacaq. Bu isə milli təhsil strategiyasının əsas hədəflərindən olan ədalətli və inklüziv təhsil prinsipini sual altına salır”.

Mütəxəssis hesab edir ki, birinci sinfə qəbul zamanı ərazi prinsipi tətbiq olunan məktəblər üzrə mexanizm şəffaf şəkildə yenidən tənzimlənməli, alternativ meyarlar (uşağın psixoloji hazırlığı, sosial vəziyyəti, bacı-qardaş faktoru, valideynin iş yeri və s.) nəzərə alınmalı, müvəqqəti qeydiyyatla bağlı hüquqi əsaslar genişləndirilməlidir: “Ərazi prinsipi inzibati vasitə deyil, maarifləndirici, təşviqedici mexanizmə çevrilməlidir. Eyni zamanda məktəblərarası resurs və kadr balansı yenidən qurulmalı, yüksək tələbatlı məktəblərin ətrafında yeni məktəblər tikilməli, ya da mövcud məktəblər genişləndirilməlidir.

Bu məsələnin uzunmüddətli həlli yalnız texniki deyil, həm də dərin sosial və pedaqoji baxış tələb edir. Çünki məktəb təkcə təhsil müəssisəsi deyil, eyni zamanda sosial inteqrasiya və vətəndaş tərbiyəsi məkanıdır. Valideynlər övladlarını sadəcə təhsilə deyil, həm də təhlükəsiz, etik və dayanıqlı mühitə yazdırmaq istəyirlər. Dövlət isə bu prosesi məhdudlaşdırmaq yox, dəstəkləmək funksiyasını yerinə yetirməlidir. Əks halda, məktəb seçimi sosial bərabərsizliyin güzgüsünə çevrilə bilər”.

Aygün