Close

“Vahid tələbə kartı” hazırda tələbələr üçün hansı imkanları yaradır?

Azərbaycanda ötən ilin sonlarından istifadəyə verilən “Vahid tələbə kartı” (“Tələbə Plus” ) tələbələr üçün yaratdığı imkanları genişləndirməkdə davam edir.

Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova TNS-ə açıqlamasında bildirib ki, artıq Təhsilin İnkişafı Fondu İdman və Gənclər Nazirliyi ilə də müqavilə imzalayıb:

“Müqavilə çərçivəsində bütün ölkə üzrə 47 idman kompleksində tələbələrə 20 faiz güzəşt tətbiq olunur. Bura, həmçinin Su İdman Sarayı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi də daxildir. "Bakcell" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb və tələbələrə hər ay 5 GB ödənişsiz internet təklif olunur. Eyni zamanda, kuriyer şirkətləri ilə danışıqlar aparılır və artıq onlardan bir neçəsi ilə razılıq əldə olunub, tələbələrə 10 faiz endirim təklif olunur. İntellektual oyunlar təşkil edən şirkətlərlə əməkdaşlığımız var. Bu sahədə 75 faizə qədər endirim təklif edənlər var”.

Fond əməkdaşı bildirib ki, hazırda 140 minə yaxın aktiv şəkildə tələbələr tərəfindən istifadə olunur.

Qeyd edək ki, “TələbəPlus” kartı eyni anda bir neçə funksiyanı yerinə yetirir. Həm universitetə giriş-çıxışı təmin edir, həm debit bank kartı, həm də tələbələrin təqaüd kartı kimi fəaliyyət göstərə bilir. Bank əməliyyatlarını da kart vasitəsilə yerinə yetirmək mümkündür.


Aygün