Universitetlər niyə bunu reallaşdıra bilmirlər?- Problemin həlli...

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” yeni dövlət standartını qəbul edib.
Yeni dövlət standartı distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini ehtiva etməklə, bu sahədə beynəlxalq tələblərə uyğunluğu təmin edir.
Sözügedən dövlət standartının ölkədə tətbiq edilməsinin məqsədi yeni texnologiyaların imkanlarından yararlanmaqla təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eləcə də dünyanın istənilən nöqtəsindən keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır.
Bəs bu gün ölkəmizdə distant təhsillə bağlı mövcud imkanları necə dəyərləndirmək olar?
Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, hazırda ölkədə distant təsillə bağlı müəyyən bir təcrübə formalaşıb: “2020-ci ildə koronaviris pandemiyası ilə bağlı yaranan vəziyyət ölkədə distant təhslilə keçidə əsas verdi. Bu prosesə daha hazırlıqlı universitet kimi Dövlət İqtisad Universitetinin adını çəkə bilərik. Çünki hələ o zaman ölkədə tətbiq olunmuş karantin rejimindən əvvəl də adı keçən universitetdə distant təhsil üçün müvafiq imkanlar yaradılmışdı. Karantin rejimindən sonra digər ali təhsil müəssisələri, o cümlədən tam orta ümumtəhsil, orta ixtisas təhsil müəssisələri də bu istiqamətdə işlər apardılar. Hazırda isə mövcud imkanları daha da inkişaf etdirməliyik. Çünki qarşıdakı illərdə hər hansı bir karantin rejiminin, fövqəladə halın baş verməyəcəyinə əmin ola bilmərik”.
Elçin Əfəndi qeyd edib ki, Azərbaycanın təhsillə bağlı mövcud qanunvericiliyində təhsil formaları kimi əyani və qiyabi, eyni zamanda distant təhsil öz əksini tapıb: “Distant təhsil forması qanunvericilikdə öz əksini tapsa da, hazırda yalnız qiyabi və əyani təhsil üçün imkan yaradılır, distant təhsili hələ ki, tanımırıq. Düşünürəm ki, gələcəkdə Milli Məclis tərəfindən distant təhsilin tanınması istiqamətində müəyyən qanun layihələri qəbul olunar. Distant təhsil tanınarsa, təhsil müəssisələri bu istiqamətdə infratstrukturu daha da inkişaf etdirər. Dünya artıq texnologiya əsridir. Biz də geri qalmamaq üçün bu istiqamətdə işlər aparmalıyıq”.
Onu da qeyd edək ki, hazırda dünyada tələbələrə distant təhsil təklif edən universitetlərin çoxu “açıq universitet” adı altında fəaliyyət göstərir. Distant formatda keçilən dərslər adi universitetlərdə tədris olunan dərs proqramından elə də fərqli olmur.
Bu təhsil sistemi iqtisadi cəhətdən də sərfəlidir. Bundan başqa, ayrılan vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar. Müəllimlər eyni zamanda, daha çox tələbəni öyrədə bilərlər. Buna görə də distant təhsilin maliyyə xərci münasib olur.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov TNS-ə bildirib ki, ölkəmizin, xüsusilə ali təhsillə bağlı dünyada gedən yeniliklərlə bağlı planları, strategiyaları olmalıdır: “Həm universitetlər, həm də distant formada təhsil almaq istəyən gənclərimiz üçün bu imkan yaradılmalıdır.
Bu məsələdə infrastrukturla yanaşı, həm də müəllimlərin hazırlığı, dərs vəsaitləri ilə bağlı problemlər var. Dünya dəyişir, rəqəmsallaşmaya, süni intellektə doğru gedir. lV sənaye inqilabının çağırışları var. Bu dövrdə təhsil aktivləri daha çox rol oynayacaq”.
İ.Orucovun fikrincə, universitetlərimizin bu sahədə iş aparmasının qarşısını alan həm də hüquqi bazanın olmamasıdır.
"“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunur. Həmin qanunda distant təhsillə bağlı maddələr öz əksini tapmalıdır. Qanunvericilikdəki problemi həll edə bilsək, imkanı olan ali məktəb distant təhsil verəcək.
Məkan və zamandan asılı olmayaraq, insanlar üçün təhsil almaq imkanı yaradılmalıdır. Gələcəyin təhsili kimi əyani təhsillə birgə distant təhsili də formalaşdırmaq lazımdır. Artıq bir çox ölkədə təhsil hibrid formada təşkil olunur”,- cəmiyyət sədri əlavə edib.
Aygün