Close

Bu avtomobillərin qiyməti 1 200 manatdan başlayır

Xəbər verdiyimiz kimi, Azərbaycanda növbəti avtomobil hərracı elan edilib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 11-də növbəti dəfə avtomobil hərracı keçirəcək.

Bəs, bu prosedur necə icra olunur? Hərracda iştirak etmək üçün əvvəlcədən tələb olunan beh qaytarılırmı? Yaxud alış olduğu halda həmin məbləğ ümumi məbləğdən silinirmi? 

Mövzu ilə bağlı TNS-in suallarını nəqliyyat eksperti Aslan Əsədov cavablandırıb.

Ekspert bildirib ki, nəqliyyat vasitələrinin hərraca çıxarılması texniki göstəricilərlə və texniki imkanlarla bağlıdır:

"Dövlət qurumu istəyir ki, öz bazasını yeniləsin, müasir nəqliyyat vasitəsi ilə təmin olunsun. Burada əsas məqsəd yeni avtomobillərin alınması, istismarıdır. Avtomobillər istismar edilən zaman onlara texniki qulluğun maya dəyəri aşağı düşür, yeni maşın az xərc tələb edir. Bu kimi faktorları nəzərə alsaq, nəqliyyat vasitələrinin yenilənməsini təqdir edirik".

A. Əsədovun sözlərinə görə, nəqliyyat vasitələrinin istismarında əsas məsələlərdən biri də bu və digər formada nəqliyyat vasitələrinin sahiblərinin göstəriciləridir: "Həmin göstəricilər nəqliyyat vasitələrinin istismar müddətində, texniki qulluğunda, texniki baxışdan keçirən vaxt müəyyən qüsurların aşkarlanmamasında əsas faktor ola bilər. Yəni avtomobilə qulluq edilmənin keyfiyyəti çox vacib mövzudur. Burada söhbət hərrac və behdən gedirsə, hər bir hərracın özünəməxsus tələbləri var. Elə hərraclar var ki, behin qaytarılıb, qaytarılmaması müqavilədə nəzərdə tutulur. Lakin əksər hərraclarda behin qaytarılma halı sövdələşmədə olmur. Beh alış zamanı ümumi məbləğdən çıxılır. Məsələn, avtomobil hərracda 10 min manata satılırsa və əvvəlcədən 500 manat beh verilibsə, alış sonunda iştirakçı yalnız 9500 manatı ödəməli olur".

Qeyd edək ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 12 nəqliyyat vasitəsi çıxarılacaq. Bunlar, Ağdam Rayon İcra Hakimiyyətinə məxsus "Nissan Teana", "Cehvrolet Niva" və "Toyota Land-Cruiser Prado" markalı minik avtomobilləri, Səhiyyə Nazirliyinin 1 saylı Bakı Tibb Kollecinə məxsus "VAZ 21074" markalı minik avtomobili, Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna məxsus "Chevrolet Niva LC" markalı minik avtomobili, Dövlət Gömrük Komitəsi "Azərterminalkompleks" Birliyinə məxsus "VAZ 2107" və "QAZ 31105-120" markalı minik avtomobilləri, "QAZ 322131-95" markalı mikroavtobus, "İsuzu" markalı 2 avtobus, Elm və Təhsil Nazirliyinin Azərbaycan Dillər Universitetinə məxsus "Nissan Maxima" markalı minik avtomobili, Prezidentinin İşlər İdarəsi "Zuğulba" İqamətgahına məxsus "ZİL-MMZ-4502" markalı yük avtomobilidir.

Avtomobillərin buraxılış illəri 1991-2013-cü illər, start qiyməti 1 200 - 21 000 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

Azadə Yolçu