Close

Uşaqların evdən qaçmaması üçün hansı işlər görülür?

“Son dövrlərdə aidiyyatı dövlət orqanlarını və cəmiyyəti narahat edən problemlərdən biri uşaqların öz yaşayış ünvanını gizli şəkildə tərk etməsidir”.

Bunu TNS-ə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Bahar Həsənli deyib.

Bu halların, xüsusilə yeniyetmə qız uşaqları arasında baş verdiyini deyən komitə rəsmisi bu məsələdə məsuliyyət daşıyan tərəflərdən danışıb: “Yeniyetmələrdə böhran dövrü ola bilir. Bu dövrün idarə olunmasında ailə bağlarının möhkəm olması, valideynlə övlad arasındakı etibar əsas rol oynayır. Uşaqlarla münasibətdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Valideyn uşağa qarşı diqqətli, səbrli olmalıdır. Yaş xüsusiyyətləri nəzərə alınmalı, onun fikirlərinə və seçiminə hörmətlə yanaşılmalıdır. Uşaq doğru istiqamətə yönləndirilməlidir. Bəzən uşaqlar ailələrdə təzyiq və zorakılığa məruz qalır. Valieynlər tərəfindən fiziki, psixoloji və digər zorakılıqlara məruz qalan uşaqlar çıxış yolunu evdən qaçmaqda tapırlar. Təbii ki, bu, həll yolu deyil. Amma yeniyetməyə həll yolu kimi görünür. Evdən kənarda onları gözləyən təhlükə barəsində düşünmürlər. Bəzən təhlükəni hiss etdikdə artıq gec olur və başlarına xoşagəlməz hadisələr gələ bilir”.

Bahar Həsənli digər səbəb kimi internet və ya oyun asılılığını vurğulayıb. Onun sözlərinə görə, sosial şəbəkələrdə çox vaxt keçirən uşaqlarda psixoloji gərginlik halları müşahidə olunur ki, bu da depresiyaya gətirib çıxarır:“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq orqanlarla birlikdə araşdırma aparır. Əgər uşaq evdə zorakılığa məruz qalıbsa, yaxud valideynləri ondan imtina edibsə, zərərli vərdişləri varsa, uşaq sığınacağa yerləşdirilir və hərtərəfli nəzarətdə saxlanılır. Hazırda Komitənin 11 bölgədə uşaq və ailələrə dəstək mərkəzləri fəaliyyət göstərir. Hər hansı hadisə baş verdikdə araşdırılır”.

O bildirib ki, Komitə tərəfindən proflaktik tədbir kimi uşaq və valideynlər üçün maarifləndirici toplantılar keçirilir. Həmçinin, hazırlanan maarifləndirici elektron məlumatlar, çap materialları əhalinin sıxlıq təşkil etdiyi yerlərdə yerləşdirilir.

Bahar Həsənli uşaqların tərbiyəsində məktəbin roluna da toxunub: “Uşaq ilk tərbiyəsini ailədə alsa da, sonradan məktəblərdə pedaqoqlar tərəfindən tərbiyə və təhsil alır. Komitə tərəfindən məktəb direktorları, psixoloqları üçün tədbirlər təşkil edilir”.

Komitə rəsmisi onu da vurğulayıb ki, qurumun əlaqəli təşkilatlarla WhatsApp qrupu var: “Bu qrupda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin, Sosial Xidmətlər Agentliyinin, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları var. Uşaqlarla bağlı hər hansı bir məlumat daxil olan kimi dərhal araşıdırma aparılır və tədbir görülür”.

Aygün