Close

17:30
29 Aprel 2025

Hər balkondan bir kombi dövrü başa çatır

“Yaşayış binaları olan və yaxud yeni tikilən hər məhəllədə müasir standartlara uyğun qazanxanaların qurulması, eyni zamanda qaydalara uyğun istifadəsi vacibdir”.

Bunu TNS-ə açıqlamasında Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəhbəri, dosent Ənvər Əliyev deyib.

O bildirib ki, binaların fərdi şəkildə qızdırılması ciddi ekoloji problemlərə yol açır: “Binalarda hər balkonda bir kombi quraşdırılıb. Birinin hisi digər balkona vurur. Yaxud, küləkli havalarda kombilərdən çıxan zəhərli tüstü bloklara dolur. Diqqət çəkməsə də, bu sahədə ciddi problemlər var”.

Ənvər Əliyev mövcud istilik sistemlərində qeyri-qanuni istifadənin yaratdığı problemlərə də toxunub: “Bizim həyətdə 560 yayayış mənzili var. 560 kombidən havaya ötürülən zərərli tüstünün iyindən həyətdə təmiz hava almaq mümkündürmü?
Düzdür, bəzi mənzillər "Azəristiliktəchizat" ASC-nin qazanxanaları vasitəsilə isidilir. Amma burda da problemlər var. Birinci mərtəbədə yaşayan sakinlər qeyri-qanuni yollarla əlavə borular çəkirlər. Yuxarı mərtəbələrdə, eyni zamanda qazanxanada təzyiq azalır. Nəticədə yuxarı mərtəbələrin qızdırılmasında problem yaranır. Binanın bir tərəfi isti olanda digər tərəf soyuq qalır.

Qiyməti istədikləri qədər yüksəldiblər. Paralel olaraq, bu sahədə qayda-qanun yaradılmalıdır.
Qapalı sistem olmalıdır. Su birinci yuxarıdan aşağıya doğru gəlməlidir ki, təzyiq problemi yaranmasın”.

Şöbə müdiri binaların qızdırılması ilə bağlı Almaniya təcrübəsinə toxunub: “Məsələn, Almaniyada binaları qızdırmaq üçün qazdan istifadə etmirlər. Elektrik enerjisi ilə binaya daxil olan boruları yüksək temperaturla qızdırırlar. Mərkəzləşdirilmiş sistem vasitəsilə binalara isti su vurulur. İsti ölkələrdə yay aylarında bu üsulla evlərə soyuq su vururlar. Bu da çox maraqlı üsuldur. Çünki yayda isti olanda hamı kondisioner işlədir. Bu da elektrik enerjisi ilə bağlı problemlərə, eləcə də havanın daha da isinməsinə yol açır”.

Qeyd edək ki, yeni hazırlanmış “İstilik təchizatı haqqında” qanun layihəsinə əsasən, təbii qazla qidalanan fərdi istilik sistemlərinin çoxmənzilli yaşayış binalarında istifadəsinə ciddi məhdudiyyətlər tətbiq ediləcək.

Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazəsiz inşa edilmiş və ya tikilməkdə olan, eləcə də məlumatlandırma icraatı əsasında tikintiyə başlanılmadan aparılan obyektlərin istilik təchizatı şəbəkəsinə qoşulmasına icazə verilməyəcək.
Yeni inşa ediləcək çoxmənzilli yaşayış binalarında isə mənzillərin vahid istilik mənbəyi və ya bir neçə binanı əhatə edən şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulacaq. Fərdi istilik sistemlərinin layihələndirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda mümkün olacaq.
Binaların şəbəkəyə qoşulması yalnız mənzil mülkiyyətçilərinin və ya onları təmsil edən qurumların yazılı müraciəti ilə həyata keçiriləcək. Yeni binalarda təbii qazla qidalanan fərdi istilik sistemlərinin qurulmasına və istismarına icazə verilməyəcək.

Xatırladaq ki, qanun layihəsi hələ müzakirə mərhələsindədir.

Aygün