Yeniyetmələr niyə evdən qaçır?

Son dövrlərdə uşaq və yeniyetmələrin evdən qaçması, itkin düşməsi ilə bağlı xəbərlər daha da artıb. Bu amil cəmiyyətdə narahatlıq yaradır. Mütəxəssislər ailələrdə bu halların baş verməsinin müxtəlif səbəblərinin ola biləcəyini irəli sürürlər.
Mövzu ilə bağlı TNS-ə danışan sosioloq, AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi Ağasəlim Həsənov səbəblərdən və həll yollarından danışıb.
O bildirib ki, yeniyetmələrin evdən qaçması, itkin düşməsi çox ciddi problemlərdir: “Bu hallar varsa, demək ki, səbəbləri də var. Səbəblərlə bağlı dəqiq nəticə əldə edə bilmək üçün dərin təhlillər aparılmalıdır. Amma ümumi müşahidələrə əsasən, bəzi səbəbləri qeyd etmək olar”.
Çatışmayan valideyn sevgisi və qayğısı...
O, ilk səbəb kimi ailədə uşaqların diqqət və sevgi çatışmazlığından dolayı özlərini diskomfort hiss edə biləcəyini göstərib: “Uşaqların sevgidən uzaq qalması yeniyetmələrin evdən getməsinə və özlərinə daha uyğun bir mühit axtramasına səbəb ola bilər.
Uşaqlar, xüsusilə yeniyetməlik dövründə olanlar evdə daim valideyn qayğısını və nəvazişini hiss etməlidir. Əgər onlar valideynlərdən aqressiv davranışlar müşahidə edirsə, evdə daimi ailə münaqişələri yaşanırsa, uşaqlar zorakılığa məruz qalırsa, bu, onları özləri üçün daha adekvat mühit axtarmağa yönləndirir. Yəni, sevgi çatışmazlığı birinci səbəb kimi götürülə bilər”.
Sürətlə inkişaf edən texnologiyalar
Sosioloq ikinci səbəb kimi informasiya texnologiyalarının sürətli inkişafından yaranmış imkanlardan doğru faydalanmamanı irəli sürüb: “Əksər yaş qrupuna daxil olan insanlar kimi, yeniyetmələrin də mütləq əksəriyyətinin əlində mobil telefonlar, smartfonlar var. Müxtəlif proqramların, sosial şəbəkənin və s. yaratdığı imkanlarla əhatələniblər. Yeniyetməlik elə bir yaş dövrüdür ki, onlar mövcud imkanlardan hər zaman müsbət istiqamətdə faydalanmırlar. Sosial şəbəkələr üzərindən ünsiyyət proqramları vasitəsilə tanışlıqlar yarana bilir. Nəticədə uşaqlar aldanırlar. Çünki cəmiyyətdə neqativ düşüncəli fərdlər hər zaman olub və bu gün də var. Xüsusilə, qız uşaqlarını müəyyən həvəsləndirici vasitələrlə aldadaraq fərqli məkanlara dəvət edirlər. Onlar da inanıb gedəndə xoşagəlməz hallar baş verir. Sonradan həmin yeniyetmə bir müddət itkin düşmüş hesab edilir. Elə də ola bilər ki, həyatın itirilməsindən sonra hadisələr açılır”.
Alim ünsiyyət proqramlarının yeniyetmələr üçün çox həssas məsələ olduğunu vurğulayıb: “Uşaqlar ünsiyyət proqramları vasitəsilə edilən təklifləri təhlil edə, təhlükəli məqamları aşkar edə bilmirlər”.
O bildirib ki, bütün bunlarla yanaşı, ailədə sosial-psixoloji mühitin normal səviyyədə olmaması problemi də qeyd olunmalıdır: “Ailədə sosial-psixoloji mühiti tənzimləmək valideynlərin əsas vəzifələrindən biridir. Ailənin qayğısı yalnız maddi cəhətdən təmin olunma ilə bağlı deyil. Valideynlər normal sosial-psixoloji mühit yaratmağa borcludurlar. Əks halda, ailə daxilində sosial gərginlik yaranacaq. Belə bir mühitdə isə yeniyetmələr, azyaşlı uşaqlardan fərqli davranırlar. Onlar ailəni tərk edə, kənardan gələn məqsədli təkliflərə aldana bilərlər. Bu artıq Azərbaycan cəmiyyətində müşahidə olunan hallardan biridir”.
Bəs nə edək?
Sosioloq bildirib ki, yeniyetmələrlə, ümumiyyətlə onların ailələri ilə sosial iş aparılmalıdır: “Hər hansı sosial problemin inzibati yolla, sərt qadağalarla tam şəkildə aradan qaldırılması mümkün deyil. Maarifləndirici xarakterli iş aparılmalıdır. Davamlı olaraq, nəyin doğru, nəyin yanlış olduğu izah edilməlidir”.
Aygün