Məşhur yarmarka bağlandı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən TNS-ə verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 ünvanında yerləşən “Azər-Aqro LTD” Şirkətinə məxsus “Kəndli yarmarkası”nda aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxlu nöqsanlar olduğu və onların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yoxlama zamanı obyektin avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmadığı, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqavimətinin ölçülmədiyi,ərazinin yanar tullantılardan təmizlənmədiyi aşkarlanıb. Həmçinin obyekdə yanğın su hovuzunun yoxluğu, pilləkən qəfəsinin tavan konstruksiyasının bəzədilməsində yanar material olan lambirindən istifadə edildiyi, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmadığı, yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmadığı və obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilmədiyi məlum olub. Mövcud vəziyyət obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəli nəticələr verə biləcəyini göstərir.
Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Kəndli yarmarkası”nın inzibati binasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.