Uğursuz ilk məhəbbət, yaxud valideynlərin təzyiqi... – İntiharlar niyə artıb?

Hər gün intiharlarla bağlı müxtəlif xəbərlər eşidirik. Təəssüf ki, intihar halları getdikcə adiləşir və bu, bəzi günlərdə özünəqəsd edənlərin sayını itirəcək qədər artır.
Ümumiyyətlə, intiharlar, əsasən, hansı yaş qrupu insanlar üçün təhlükə yaradır?
Mövzu ilə bağlı TNS-in sualını psixoloq Aydan Məmmədova cavablandırıb.
Psixoloq bildirib ki, intiharların daha çox rast gəlinən dövrü 15-25 yaş aralığıdır:
"Çünki psixoloji inkişaf mərhələsi yeniyetməlik yaşına təsadüf edir. İnsanlar daha çox bu dönəmlərdə necə ailə quracaqları ilə bağlı düşünür, ailə qayğısı çəkir, gələcək həyatları, özlərini xatırlamaqları ilə bağlı beyinlərində davamlı şəkildə suallar yaradırlar. Buna görə də onların bu yaş dönəmində intihar etmə riski daha yüksəkdir. Həmçinin, bu yaşda gənclər özlərini ifadə edə bilməkdə çətinlik çəkdiklərinə, yaxud ətrafdakı insanların onları anlamadıqlarını düşündüklərinə görə, intihara olan meyl artır. Özlərini daxilən tənha – çarəsiz hiss edirlər. Onlarda gələcəkdə tək qalacaqları qorxusu yaranır. Bunun bir neçə səbəbləri var: ola bilər ki, yeniyetmə uşaq vaxtı travmalarla üzləşib, yaxud hansısa təcavüzə məruz qalıb".
Aydan Məmmədovanın sözlərinə görə, yeniyetməlik dövründə uşaq cinsi tərbiyəni ətraf mühit vasitəsilə özü öyrənməli olar: "Bunun nəticəsində də onlarda ağır bir travmatik hislər yaranır. Bu travmaların nəticəsində onlar duyğularına daha çox önəm verdiyi üçün emosional əskiklik yaşayırlar. Həmin vaxt bu, travmatik proseslə nəticələnir. Təbii ki, mövcud vəziyyət yaradılış və fərd olaraq hər kəsdə fərqlidir. Duyğusal çatışmazlıqlar deyəndə burada biz sevgi əskiklikliyini qeyd edə bilərik. Məsələn, uşaq valideynlərindən sevgi, diqqət görməyəndə, yaxud psixoloji zorakılıq halları yaşayanda, emosional şəkildə yüklənəndə (stress, gərginlik və s.) intihara meyl edir. Çünki 15-25 yaş aralığı yeniyetməlik və gənclik dönəmləridir. Bu dönəmlərdə də valideyn onlara təzyiq göstərəndə, yaxud onlar ilk məhəbbətlərini təcrübəsizlikdən dolayı uğursuz yaşayanda yenə də duyğu əskikliyi halı yaşanır. Həmin vaxt o, özünü güvənsiz və dəyərsiz hiss edərək tənhalaşır. Bu məsələdə sosial media vasitələrinin və sosial mühitin rolu böyükdür. Əgər şəxs sosial mühitdən təcrid olunarsa, bulinqlərə məruz qalarsa, peşə seçimində qeyri-müəyyənlik yaşayarsa, bu, onun intiharına səbəb yarada bilər. Buna görə hər kəsə, xüsusilə yeniyetməlik dövrünü yaşayan şəxslərə daha diqqətli, sevgi dolu davranmaq lazımdır".
Azadə Yolçu