Close

Akademik ən populyar soyad formasını açıqladı - Yaxşı olar ki...

Ədliyyə Nazirliyinin açıqladığı məlumata görə, ötən il doğumu qeydə alınan uşaqların soyad sonluğunda -ov, -ova, -yev, -yeva formatı üstünlük təşkil edib. Belə ki, doğulan körpələrdən təxminən 23 faizinin soyad sonluğu bu formada yazılıb. Uşaqların 20 faizinin soyad sonluğu -lı, -li, -lu, -lü formasında qeydə alınıb.

Maraqlıdır ki, doğulan körpələrin 15 faizinin soyad sonluğu -zadə kimi yazdırılıb. Rəqəmlərdən də göründüyü kimi, soyad sonluqlarının milliləşməsi prosesi ləng gedir. Prosesi bir az tezləşdirmək, laqeyd yanaşmanı aradan qaldırmaq üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı TNS-ə danışan akademik Nizami Cəfərov da prosesin ləng getdiyini deyib:

“Tədricən yeni doğulan uşaqların soyad sonluğunun -lı, -li, -lu, -lü kimi və ya başqa formada yazdırılması prosesi gedir. Amma, bir az ləng gedir. Bu məsələdə ideoloji, ya milli deyil, əsasən texniki laqeydlik var. Valideynlər çox zaman öz soyadını olduğu kimi övladına yazdırır. Bu sahədə dövlət səviyyəsində işlər aparmaq olar. Amma dövlət vətəndaşı məcbur edə bilməz və bunu etmək istəmir. Bu, bir növ cəmiyyətin işidir. Azərbaycanda hibrid ailələrin olduğunu da nəzərə almalıyıq. Bir tərəfi türk, bir tərəfi rus, gürcü və s. olanlar var. Bu amillərə görə də soyad formalarının tam azərbaycandilli formatda olması üçün təzyiq göstərilmir. Amma, birbaşa dövlət səviyyəsində olmasa da, müəyyən rəsmi dairələrdə, məsələn, AMEA, ya Milli Məclis səviyyəsində görüşlər keçirilməlidir və bu məsələ insanlara izah olunmalıdır”.

LOGO

Akademik bildirib ki, soyad sonluqlarının dəyişdirilməsi o qədər çətin iş deyil: “Görünür ki, müəyyən adamlar soyad formalarına hazırlıqlı deyil. Uşaqlarla bağlı problem olmasa da, böyüklər üçün müəyyən sənədlər tələb olunur. Bu iş çətin deyil, sadəcə bir az mütəşəkkilik çatışmır. Yaxşı olar ki, dövlət yox, daha çox ictimai, elmi təşkilatlar bununla məşğul olsunlar. Parlament bu baxımından, bir az liberal qurumdur. Parlamentdə müzakirə oluna bilər. Ən azından bir dinləmə keçirilə, insanlara bu məsələ izah oluna bilər ki, milliləşdirmə prosesini sürətləndirmək mümkün olsun”.

Nizami Cəfərov -zadə soyad sonluğu ilə bağlı fikirlərini də açıqlayıb: “Mənim -zadə sonluğunun qəbul edilməsinə münasibətim yaxşıdır. -Zadə forması, əslində fars mənşəlidr, amma daha çox azərbaycanlılara aiddir. Farslar daha çox -an, -yan şəkilçisindən istifadə edirlər. -Zadəni isə azərbaycanlılar istifadə edir. Xüsusilə, ziyalılarımız 1920-30-cu illərdən başlayaraq, bu formatı çox istifadə ediblər. Bu sonluq artıq bizdə milli hal təsiri yaradıb. Məsələn, Nəriman Həsənzadənin nə qədər milli şair olduğunu bilirik. Nəriman Həsənzadə soyad sonluğunu xeyli gənc yaşlarında və milli təəssübkeşliklə götürüb. Məsələn, Mirzə Fətəli Axundov da var idi, Axundzadə forması da. O, yerinə uyğun olaraq, ikisindən də istifadə edib. Yəni, soyad sonluğu kimi -zadə, -lı, -li, -lu, -lü də qəbul etmək olar. Bəzi eksperimental formalar yaranıb, məsələn “-gil” var ki, onu da qəbul etmək olar. Onu o qədər effektli forma hesab etmirəm, amma milli soyad formatlarına düşə bilər. Eləcə də başqa soyad formatları da axtarıb tapmaq olar”.

Akademik ən populyar hesab etdiyi soyad formasını da açıqlayıb: “Məncə, ən populyarı şəkilçisiz formadır. Məsələn, Səməd Vurğun, Məmməd Rahim, Süleyman Rüstəm və s. Bu formadan sonra -lı, -li, -lu, -lü deyərdim. Bu ikisindən sonra isə -zadə gəlir”.


Aygün İbrahimli