Nazirlik: “Fond 31 müqavilədə tələbi gözləməyib”

“Hesablama Palatası tərəfindən Təhsil Tələbə Krediti Fondunda (TTKF) aparılan səmərəlilik auditi zamanı 50.000 rəsmiləşmə içində cəmi 31 müqavilədə (0.06%) ali təhsil müəssisələri tərəfindən ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) tələbi gözlənilmədiyi aşkar edilib”.
Bu barədə TNS-in sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən (ETN) bildirilib.
Qeyd olunub ki, bununla bağlı həmin vaxt müvafiq tədbirlər görülərək Palataya ETN tərəfindən ötən il məlumat verilib.
“Hesabatda qeyd edilən digər məsələlər isə səmərəliliyi artırmaq məqsədilə verilən təkliflərdir, sorğuda yazıldığı kimi hər hansı"pozuntu" yoxdur”, - deyə məlumatda vurğulanıb.
Məlum olduğu kimi, Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti ilə bağlı həyata keçirilmiş səmərəlilik auditi nəticəsində qurumun kreditləşmə mexanizmlərində ciddi nöqsanlar və uyğunsuzluqlar müəyyən edilib.
Bu barədə Hesablama Palatasının bülleteninin 2024-cü il üzrə dördüncü nömrəsində bildirilib.
Sənədə əsasən, 2021-ci ildə təsdiqlənmiş qaydalarda sosial təhsil tələbə kreditlərinin verilməsi zaman rifah göstəricilərindən daha çox "kateqoriyalı yanaşma" tətbiq edildiyi üçün Fondun fəaliyyəti müəyyən olunmuş məqsədlərə uyğun olmayıb.
Bundan başqa, sosial kredit üçün ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) aşağı (51 bal) müəyyən olunması, bu kreditlərdən istifadə edən tələbələrin zəif təhsil nəticələri göstərməsinə şərait yaradıb. Halbuki standart kreditlərdə bu göstərici 71 bal olaraq müəyyən edilib.
Eləcə də, hesabatda Fondun fəaliyyətində yol verdiyi bir sıra digər nöqsanlarla bağlı məlumatlar açıqlanıb.
Aygün