Close

Vəfatının 100 illik yubileyi UNESCO-nun tədbirlər proqramına daxil edildi

Xalqımızın mədəni irsi təkcə maddi-mədəni abidələrlə məhdudlaşmır, həmçinin qeyri-maddi mədəni irsimizin özünəməxsus abidə və elementləri mövcuddur. Təəssüf olsun ki, Qərbi Azərbaycanda xalqımıza xas olan zəngin irs nümunələri, o cümlədən aşıq sənəti və digər qeyri-maddi mədəni irsimizin nümunələri qəsdən dağıdılıb, mənimsənilib və xalqımız bu hüquqlardan məhrum edilib. Bu səbəbdən bu irsin beynəlxalq aləmdə tanıdılması vacibdir.

TNS xəbər verir ki, bu fikirləri UNESCO üzrə Azərbaycan Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-hay hiylə və fitnələri” mövzusunda konfransda söyləyib.

“Qeyd etmək istərdim ki, UNESCO-nun Ümumdünya İrs Siyahısında Azərbaycanın 5-ci qeyri-maddi mədəni irs nümunəsi yer alır. Bu siyahılarda hazırda 24 element qeyd olunmuşdur ki, bu da ölkəmizin zəngin irsə malik olduğunu sübut edir.

Mədəni irsimizin tanıdılması ilə bağlı daha bir xoş xəbəri sizinlə bölüşmək istərdim. Belə ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşəbbüsü və dəstəyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qərarı ilə görkəmli Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-nun 2026–2027-ci illər üzrə qeyd ediləcək tədbirlər proqramına daxil edilib. Bu məsələ UNESCO-nun İcraiyyə Şurasının 2025-ci ilin aprel ayında keçirilmiş 221-ci sessiyasında müzakirə edilərək təsdiqlənməsi bütün nailiyyətlərimizdəndir.

Əminəm ki, Aşıq Ələsgərin vəfatının 100 illiyinin 2026-cı ildə UNESCO səviyyəsində qeyd olunması prosesində dövlət qurumlarımızla yanaşı, Qərbi Azərbaycan İcmasının nümayəndələri də iştirak edəcək, xalqımızın zəngin mədəniyyətinin dünya ictimaiyyətinə layiqincə tanıdılmasına dəyərli töhfələrini verəcəklər”, - deyə Seymur Fətəliyev qeyd edib.