Arıçılar subsidiya istəyir

“İstənilən kənd təsərrüfatı sahəsi kimi arıçılığın da dotasiya olunmasına, subsidiyalaşmasına ehtiyac var”.
Bu barədə TNS-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov məlumat verib.
Sədr qeyd edib ki, arıçılıq son illərdə sürətlə inkişaf edir: “2018-ci ildən 2023-cü ilə qədər arıçılıq üçün subsidiya verildi. Bu subsidiya arıçılığın inkişafına böyük təkan idi. Lakin son illər subsidiya kəsilib. Ana arılara subsidiya verilməsi ilə bağlı müraciət etmişik, hazırda müraciət baxılma mərhələsindədir. Müraciətin uğurlu nəticəsi olacağına inanırıq. Ana arılara subsidiya verilərsə, arıçılar güzəştli qiymətə daha məhsuldar ana arılar ala biləcəklər. Beləliklə, arıların cins tərkibini yaxşılaşdıra, məhsuldarlığını artıra biləcəyik".
O, bu il mövsümün arıçılıq üçün alverişli olacağının proqnozlaşdırıldığını da vurğulayıb: “Bu il arıçılıq üçün o qədər də əlverişli başlamadı. Arılar qışdan xeyli təlafatla çıxdı. Buna baxmayaraq, ilin yağmurlu keçməsi arıçılıq üçün mövsümün uğurlu gəlməsindən xəbər verir. Əgər il yağışlı başlayırsa, bal verən bitkilər daha çox nektar verir. Bu da bizə ilin məhsuldar olacağını proqnozlaşdırmağa əsas verir”.
B. Həsrətov bildirib ki, mövsüm yaxşı olarsa, bu, qiymətlərin də stabil qalması deməkdir.
Aygün