Close

Türkiyə-Azərbaycan Universitetində plan yerləri artırılır?

Türkiyə-Azərbaycan Universitetində 2025-2026-cı tədris ilində plan yerlərində artım nəzərdə tutulmayıb. Ali təhsil ocağında ixtisaslarla bağlı dəyişiklik də planlaşdırılmır.

Bu barədə TNS-in sualına cavab olaraq, Türkiyə–Azərbaycan Universitetinin mətbuat katibi Sevinc İsgəndərova məlumat verib.

O bildirib ki, hazırda Türkiyə-Azərbaycan Universitetində 3 ixtisas üzrə (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) ümumilikdə 83 tələbə təhsil alır: “Türkiyə–Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirir. Belə ki, Türkiyə-Azərbaycan Universiteti Türkiyənin 3, Azərbaycanın isə 1 universitetinin tərəfdaşlığı ilə yaradılıb. Bunlar Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ), Hacettepe Universiteti və Azərbaycan Texniki Universitetidir (AzTU). Universitetdə 15 müəllim fəaliyyət göstərir. Müəllim heyəti Türkiyənin tərəfdaş universitetinin müəllimlərindən formalaşıb”.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetində tədris ingilis dilindədir.

Aygün