Close

Kütləvi zəhərlənmələr ona görə baş verir ki...

Tez-tez bölgələrdə və eləcə də Bakı şəhərində müxtəlif mərasimlərdə kütləvi zəhərlənmə halları baş verir.

Ötən gecə Xətai rayonunda yerləşən iaşə obyektində 50 nəfərdən çox insan zəhərlənib. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Məlumdur ki, zəhərlənmələrə bakteriya və onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələrlə yoluxmuş qida və su qəbulu səbəb ola bilər. Araşdırmalar göstərir ki, zəhərlənmələrə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur.

Mözvu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zaman-zaman paylaşdığı məlumatlara diqqət edək: “Qida zəhərlənmələrindən qorunmaq üçün üçün istifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etmək olmaz. Pasterizə olunmamış süd və süd məhsullarından istifadə məsləhət görülmür. Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istifadə etmək olmaz. Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuyub istehlak etmək lazımdır. Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirmək vacibdir. Yeməklər günlük hazırlanmalı, artıq qalanı isə bir dəfədən çox isidilməməlidir. Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına əməl olunmalıdır.

Qida məhsullarında bakteriyalar 5°C-60°C temperatur aralığında çoxalıb yayılır. Ona görə də bu interval “təhlükəli zona” adlandırılır. Bu səbəbdən ilin isti vaxtlarında, xüsusilə də yayda bəzi qida məhsullarına daha diqqətlə yanaşılmalı, qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün rejimdə saxlanılmalıdır. Belə ki, dondurulmuş qidaların donun açılması üçün otaq şəraitində deyil, soyuducunun alt bölməsində saxlanılması tövsiyə olunur. İstifadə müddəti keçməsə də, xarabolma əlamətləri olan qidaları istehlak etmək yolverilməzdir. Yeməklər, salatlar, xüsusilə də kremli şirniyyatlar isə 2 saatdan artıq soyuducudan kənarda saxlanılmamalıdır”.

Məsələ ondadır ki, AQTA tərəfindən davamlı olaraq, bu tipli maarifləndirici məlumatlar paylaşılması kifayət etmir. Çünki hər zaman qurumun əməkdaşlarının yoxlamalar zamanı qarşı tərəfə rüşvət qarşılığında sənədlər təqdim etməsi kimi ciddi problemlər səsləndirilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı TNS-ə verdiyi açıqlamada bildirib ki, AQTA-nın ən ciddi problemi cəmiyyətlə işləyə bilməməsdir: “Hətta, bu cür intensiv zəhərlənələrə görə AQTA rəhbərliyi istefa verməlidir. Özünə hörmət edən insan "bu, mənlik deyil, mən bu işi yerinə yetirə bilmirəm", deyib vəzifəsini təhvil verər. 

Məndə olan məlumata görə, rayon yerlərində toy edən insanlar lazım olan qidaları-əti, toyuğu və s. AQTA-nın regional ofisinə aparır, guya orada həmin məhsulları analiz edirlər, arayış verirlər ki, istifadə etmək olar. Ondan sonra mərasim evinin sahibi onların toy keçirməsinə razılıq verir. Rayon yerlərində adətən ət məsələsini toy sahibləri özləri həll edir. Amma əgər toyu şadlıq evi edirsə, onlar da bir neçə mal göstərib AQTA-nın regional ofisindən kağız alır. Amma həmin məhsullar ekspertiza olunmur. Həmin qidalardan da toylarda istifadə olunur. AQTA-nın regionlardakı ofislərinin verdiyi o yalançı kağızlara, saxta ekspert rəylərinə ölkədə son qoyulmalıdır. Ölkədə müstəqil ekspertiza yaranmalıdır, onun rəyi məhkəmələrdə tanınmalıdır. Amma, belə bir şey yoxdur. Ölkədə ekspertiza adlı xidmət yarıtmaz vəziyyətdədir. Yalançı ekspertizaya son qoyulmalıdır. Statistikanın gizlədilməsi, zəhərlənmələrin qeydiyyata alınmaması ölkədə anormal vəziyyət yaradır”.

E.Hüseynovun sözlərinə görə, AQTA-nın rəsmi saytında zəhərlənmələrin sayı ümumdünya göstəricisindən 1400 dəfə az göstərilir: “Guya bizdə zəhərlənmələr dünya ölkələrindən, hətta Avropa dövlətlərindən 1400 dəfə azdır. Bu, doğru statistika deyil. AQTA toyda insanların zəhərlənməsini ev sahibinin hazırladığı yeməklərdən, istifadə etdikləri məhsullardan olduğunu açıqlayır. 27-28 ildə hələ görməmişəm ki, sənaye üsulu ilə hazırlanan maldan bircə dənə zəhərlənmə qeydiyyata alınsın. Çünki o məhsulların sənədi var. Sənədi varsa, o sənədləri də onlara AQTA verib, qurum isə özü-özünü təkzib edə bilməz”.

Eyyub Hüseynov vurğulayıb ki, AQTA-nın əsasnaməsində dəyişiklik aparılmalıdır: “Qurum cəld yoxlama imkanlarına malik olmalıdır. Təəssüf ki, onlar bu imkana malik deyillər. Hökumətin siyasəti dəyişməlidir. AQTA üçün xüsusi imkan yaradılmalıdır ki, onlar cəld yoxlama işi aparsınlar. Bu iş üçün uzun bürokratik prosedurlar olmamalıdır. Onlar yoxlayacaqları yerə əvvəlcədən “səni yoxlamağa gəlirik” deyə xəbər göndərirlər. Üstəlik nəyi yoxlayacaqlarını da deyilər. Bu vəziyyət mütləq dəyişməlidir”.

Aygün