Close

Kart oğruları artır- Pullarımızı necə qoruya bilərik?

Vətəndaşların bank kartlarından oğurluq halları davam edir. Daxili İşlər Nazirliyi tərəfindən açıqlanan məlumata görə, təkcə ötən gün kartlardan oğurlanan məbləğ 21 min 394 manat olub.
Belə ki, aprelin 18-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6 min 500, 6 min, 2 min 971, 2 min 850, 1000, 800, 450, 392, 201, 150, 70, 10 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Vəziyyət kifayət qədər ciddidir və görünən odur ki, problem getdikcə böyüyür.

Bu problemin yaranmasında əsas məsuliyyət kimin üzərinə düşür? Pullarımızı oğrulardan necə qoruya bilərik?

Məsələ ilə bağlı TNS-ə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, burda məsuliyyət ilk növbədə vətəndaşın üzərindədir: “Vətəndaş ehtiyatsızlıq edir, kart məlumatlarını, detalları harda, necə gəldi yazır. Kimsə zəng edəndə, kart məlumatlarını verir, halbuki bu məlumatlar gizli saxlanmalıdır. Kartın arxa və ön üzündə olan məlumatlar da internetdə paylaşılmamalıdır. Saxta saytlara, ümumiyyətlə hər hansı bir sayta kart məlumatları daxil edilməməlidir. Yaxud əməliyyatlar yalnız etibarlı saytlarda aparıla bilər. Çünki xakerlər məlumatları oğurlaya bilir”.

İqtisadçı onu da vurğulayıb ki, ehtiyat tədbiri kimi, internetdə istifadə olunan kartlar növlərə bölünməlidir: “İnsanlar yaxşı olar ki, əsas kart yerinə, əlavə-debit kart alaraq, kiçik məbləğlər qoysunlar və o formada istifadə etsinlər. Kart vasitəsilə internet üzərindən ödənişlər edə bilirik, yəni rahatlığa görə istifadə edirik. Kart vasitəsilə onlayn ödənişin nəğd puldan fərqi, yaratdığı üstünlük yalnız budur. Hazırda pul rəqəmsallaşdığına görə, fırıldaqçılıq da rəqəmsallaşıb. Əvvəl cibgirlər var idi, evə oğru girirdi və s. İndi oğurluğun forması dəyişib. Pullar kartda saxlanıldığına görə, oğurlar da kartdan oğurlamağa çalışırlar. Üstəlik hazırda oğurluq halları beynəlxalq formada da ola bilir. Oğru Litvada, Hindistanda, yaxud Kenyada oturub Azərbaycanda kiminsə pulunu oğurlaya bilər. Ona görə də vətəndaşlar son dərəcə diqqətli olmalıdırlar”.

Xalid Kərimli qeyd edib ki, istifadəçilər kartlarına, internet üzərindən olan ödənişlərə və s. müəyyən məhdudiyyətlər tətbiq etmək istədikdə, bunu bank vasitəsilə edə bilər: “Ehtiyat tədbiri kimi, bütün vəsaitlər eyni kartda saxlanılmamalıdır. Ümumiyyətlə, oğrulardan qorunmaq üçün ciddi şəkildə maariflənməlidirlər”.

Aygün