Close

Tələbə krediti tələbələrə yox, pensiyaçılara verilib- Fonddakı qanunsuzluq

Məlum olduğu kimi, Auditorlar Palatası Təhsil Tələbə Krediti Fondunun (TTKF) kreditləşmə mexanizmlərində ciddi nöqsanlar və uyğunsuzluqlar müəyyən edib.

Belə ki, 2021-ci ildə təsdiqlənmiş qaydalarda sosial təhsil tələbə kreditlərinin verilməsi zamanı rifah göstəricilərindən daha çox "kateqoriyalı yanaşma" tətbiq edildiyi üçün Fondun fəaliyyəti müəyyən olunmuş məqsədlərə uyğun olmayıb.
Bundan başqa, sosial kredit üçün ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) aşağı (51 bal) müəyyən olunması, bu kreditlərdən istifadə edən tələbələrin zəif təhsil nəticələri göstərməsinə şərait yaradıb. Halbuki standart kreditlərdə bu göstərici 71 bal olaraq müəyyən edilib.
Audit zamanı 2 ali təhsil müəssisəsi üzrə 32 tələbənin faktiki ÜOMG-sinin normadan aşağı olduğu halda standart kredit aldığı aşkarlanıb ki, bu da dövlət vəsaitlərinin qanunsuz istifadəsinə və hüquqi aktların tələblərinin pozulmasına səbəb olub.
Maraqlıdır ki, bəzi hallarda 60 yaş və üzəri şəxslərə də təhsil krediti verildiyi müəyyən edilib. 13 halda belə kredit rəsmiləşdirilib ki, onlardan 3-ü artıq pensiya yaşında olan şəxslərdir. Bu isə kreditlərin gələcəkdə geri qaytarılması baxımından risk yaradır.

Ümumiyyətlə, Fond tərəfindən bu və ya digər şəkildə yol verilən qanunsuzluqlar qurumun bundan sonrakı fəaliyyətinə kölgə salacaqmı?

Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, ortaya çıxan hallar bu istqiamətdə görülən işlərə kölgə salır: “Təəssüflər olsun ki, Təhsil Tələbə Krediti Fondu ilə bağlı belə bir xoşagəlməz vəziyyət yaranıb. Kreditlərin verilməsində daha çox rifah göstəriciləri nəzərə alınmalı olsa da, əsasən kateqoriyalı yanaşma tətbiq edilib. Müvafiq kateqoriyalar əsas gətirilərək, buna uyğun olmayan şəxslərə kredit verilib. Məlumdur ki, kreditlər sosial və standart olmaqla iki istiqamətdə verilir. Bir neçə ay əvvəl Fond fəaliyyəti ilə bağlı hesabat tədbiri keçirdi, məlumatlar paylaşıldı və s. Bunların fonunda indiki halın ortaya çıxması heç də xoşagələn vəziyyət deyil”.

E.Əfəndi qeyd edib ki, sosial kredit üçün ümumi orta müvəffəqiyyət göstəricisi 51 bal nəzərdə tutulub, amma halbuki sosial statusu olanlar üçün hansısa balın tətbiqi doğru yanaşma deyil: “Həmin şəxsin dövlət tərəfindən təhsil haqqı qarşılana bilmir, amma vətəndaşın hər hansı sosial statusu var. Tutaq ki, ailə başısını itirib, yaxud lll qrup əlilliyi var və s. Belə hallar varsa, həmin şəxsə daha çox kredit verilməli idi və hər hansı bal mexanizmi tətbiq olunmamalı idi. Ciddi pozuntu faktlarından biri də iki ali təhsil müəssisəsində, 71 bal tələbi nəzərə alınmadan, göstəricisi aşağı olan tələbəyə kredit təyin olunmasıdır”.

Mütəxəssisin sözlərinə görə, bundan sonra Fondun Himayəçilik Şurası belə pozuntuların olmaması üçün Fond heyətinə ciddi tapşırıqlar verməlidir: “Dövlət başçısı tərəfindən belə bir Fondun yaradılması üçün göstərişin verilməsi müsbət qiymətləndirilir. Bu, böyük addımdır. Hər il nə qədər bizim vətəndaşımız təhsil haqqını verə bilmədiyi üçün universteti dayandırmalı olurdu. Kimlərinsə bu cür detalları nəzərə almaması, tələblərə uyğun kreditlərin ayrılmaması kimi amillər görülən işlərə kölgə salır. Fondun fəaliyyətinə nəzarət edən şəxslər, növbəti mərhələlərdə bu cür halların yaşanmamasına çalışmalıdırlar”.

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı Fərmanı əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.

Aygün