Close

12:53
19 Aprel 2025

44 uşaq himayədar ailəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 44 uşaq himayədar ailəyə verilib.

TNS xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

“Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir.

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəflənib.

Himayədar ailələrə verilən uşaqlardan 16-sı oğlan, 28-i qızdır.

Həmçinin 23 nəfəri 6 yaşadək olan, 17 nəfəri 7-13 yaş arası, 4 nəfəri 14-18 yaş arası uşaqlardır.

Himayədar ailələrə verilən 44 uşaqdan 23-ü hazırda Bakı şəhərində, 21-i rayonlardakı (Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 1, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1 ailə) ailələrdə yaşayırlar.