Close

9-cu sinif buraxılış imtahanında yenilik- Hansı faktlar ortaya çıxdı?

Məlum olduğu kimi, bu il ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq olunub. Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) bu yenilik haqqında ilk dəfə 2022-ci ildə məlumat açıqlamışdı.
Bu müddət ərzində yeni imtahan modelinə dair tapşırıq nümunələri DİM tərəfindən 2023-2024-cü illərdə nəşr olunmuş ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında (ingilis dili fənnindən) verilib.
Artıq 9 illik təhsil səviyyəsi üzrə imtahanlara start verilib.

İmtahanda tətbiq olunan yenilik şagirdlər tərəfindən necə qəbul olunub? Nəticələrlə bağlı nələri demək olar?

Təhsil məsələləri üzrə mütəxəssis Kamil Məmmədov mövzu ilə bağlı TNS-ə danışıb: “Yeniliyə görə, şagirdlər xarici dil imtahanında ən azı 35 sözdən ibarət esse yazmalı idilər. Esseyə tam bal verildiyi halda, 16,66 bal əldə olunur. Şagirdlərin qrammatika biliyi, eyni zamanda söz ehtiyatı olmalıdır ki, esseni yaza bilsin. DİM xarici dil fənni üzrə şagirdlərin biliyini hərtərəfli yoxlaya bilib: həm dinləmə mətni və qrammatika sualları, həm də kiçik mətnə əsasən tapşırıqların və essenin yazılması. Bu imtahan modelini tətbiq etməklə DİM, əslində builki 9-cu sinifləri iki il sonrakı 11-ci sinif buraxılış imtahanına hazırlayır. Düşünürəm ki, iki ildən sonra esse yazmaq 11-ci sinifin buraxılış imtahanında da tətbiq olunacaq”.

Kamil Məmmədov 9-cu sinif şagirdlərinin imtahanda göstərdiyi səyi yüksək qiymətləndirib: “Azərbaycan şagirdlərinə halal olsun. Çünki xarici dil üzrə suallar kifayət qədər fərqli, çoxçeşidli təşkil olunur. Şagirdlərimiz möhtəşəmdir. Düşünmürəm ki, dünyanın hər hansı ölkəsində 9-cu sinif şagirdləri bu cür suallara cavab yaza bilər.

Modelin tətbiq olunması imtahanın ümumi ballarına da təsir edə bilər. Bütün şagirdlər, istər-istəməz xarici dildən bu tip tapşırıqları rahat şəkildə yaza bilmyəcək. Təəssüf ki, Azərbaycanda elə şagirdlər var ki, heç Azərbaycan dilində esse yaza bilmir. Bu yenilik yaxşı oxuyan şagirdlər üçün problem deyil. Azərbaycanda abituriyentlərin bir hissəsi xaricdə oxumağı düşündüyü üçün xarici dili yaxşı öyrənirlər”.

Ekspert bildirib ki, DİM, eləcə də Elm və Təhsil Nazirliyi imtahanın nəticələrini təhlil etməlidir: “Aprelin 20-də 9-cu siniflər üzrə növbəti imtahan olacaq. Nəticələr ciddi təhlil olunmalıdır. Baxılmalıdır ki, imtahana uyğun dərslər həqiqətən məktəblərdə keçirilir, yoxsa nəticələr repetitorların, hazırlıq kurslarının nəticəsidir. Azərbaycanda sadəcə orta məktəb təhsili ilə buraxılış imatahanında 200 balın üzərində bal yığa bilən şagird sayı az olar, çünki imtahan modellərimiz xüsusi hazırlığı zəruri edir”.

Aygün