Close

10:33
19 Aprel 2025

l qrup üzrə qəbul prosesində yenilik - Ballara təsiri olacaqmı?

Bu gün ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat elan edilib.
Dövlət İmtahan Mərkəzi (DİM) imtahanla bağlı açıqladığı məlumatda bildirib ki, bu il I ixtisas qrupu üzrə həm riyaziyyat-kimya (RK) altqrupu, həm riyaziyyat-informatika (Rİ) altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər ikinci mərhələnin birinci cəhdində bir, ikinci cəhdində isə digər altqrupu seçə bilərlər. Yaxud da, abituriyentlər istəklərindən asılı olaraq hər iki cəhddə eyni altqrup üzrə də iştirak edə bilərlər.
III qruplarda isə həm DT, həm də TC altqrupunu seçmək hüququ saxlanılıb.

DİM-in l qrup üzrə tətbiq etdiyi bu yeni tendensiya ilə bağlı təhsil mütəxəssisləri nə düşünür? DİM-in bu addımı ballara təsir edəcəkmi?

Bu barədə TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamil Məmmədov DİM-in bu dəyişikliyini ədalətin bərpası kimi xarakterizə edib: “Əvvəllər RK altqrupu üzrə imtahan verən abituriyent istəyərdisə, əlavə informatikadan da imtahan verirdi. DİM-in yeniliyinə əsasən, abituriyent bu il l qrupda ya RK, ya da Rİ altqrupu üzrə imtahana daxil ola biləcək.

Əvvəl belə idi ki, məqsədləri riyaziyyat-kimya yox, riyaziyyat-informatika olan abituriyentlər də əlavə olaraq, RK altqrupunu seçirdilər və imtahana daxil olaraq 3 saata sadəcə iki fənni riyaziyyatı və fizikanı yazırdılar, kimyadan sualları yazmırdılar. Sonra isə əlavə olaraq, rahat formada informatikadan imtahan verə bilirdilər. Amma artıq informatikadan bu əlavə imtahan olmayacaq. Niyyətləri RK üzrə qəbul olmaq olanlar isə ayrılan vaxtda hər üç fənni yazmağa məcbur olduqları üçün vaxt bölgüsü baxımından ədalətsizlik yaranırdı”.

Yeni qaydanın nəticələrinə gəlincə isə mütəxəssis bildirib ki, l qrupda riyaziyyat-informatika ixtisası üzrə fərq yaranacaq. Təbii olaraq, abituriyentlər vaxtı səmərəli istifadə edəcəklər. Yəni, artıq onlar 3 saat vaxtda iki deyil, 3 fənnin hər biri üzrə suallara cavab yazacaqlar. Onun sözlərinə görə, bu hal balların aşağı düşməsinə təsir göstərə bilər.

“Məncə, bu yenilik lll qrupda ona görə edilmədi ki, TC altqrupunda olan regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları o qədər populyar deyil, onlara tələb azdır. lll qrupda abituriyent sayı da çox olur, müsabiqə ağır keçir. DİM əvvəlki qaydanı lll qrupda saxlamaqla, nisbətən zəif nəticə göstərən abituriyentlərə də ali məktəbə daxil olmaq şansını saxlayır. O baxımdan, bu qaydanın gələcək illərdə də dəyişdiriləcəyini düşünmürəm”,-deyə Kamil Məmmədov vurğulayıb.

Aygün