Yağışlar çox yağır, çaylar rejimini dəyişir- Amma problem eyni qalır..

Son illər yağıntıların miqdarının artması su baxımından qıtlıq yaşayan ölkə kimi, bizi sevindirir. Çaylarda suyun səviyyəsinin artması, qurumuş çay yataqlarına yenidən suyun gəlməsi bəzən fəlakətlə nəticələnsə də, qıtlıq problemini geridə qoyacağımızı düşünürük. Yağıntı çox olur, sel gəlir. Nəticədə bu ilin çoxsulu il olacağını deyə bilərikmi?
TNS bununla bağlı Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, professor Rza Mahmudovun fikirlərini öyrənib.
O bildirib ki, qlobal iqlim dəyişmələri çayların rejiminə təsir edir: “Bu gün əyani şəkildə görürük ki, çaylarımızda rejim dəyişkənliyi baş verir. İl ərzində çaylarımızda müşahidə olunan daşqın, gursulu və azsulu dövlərlə bağlı dəyişmələr baş verir. Ölkəmiz azsulu ölkələr sırasına daxildir. Hətta, 1998-ci ildə mən Qudyalçay, Naxçıvançay, Göyçay kimi çaylarımızda rejim dəyişkənliyini müşahidə etmişdim. İndi bu siyahı daha da artıb. Birinci problem odur ki, çaylarımızda su ehtiyatları azalır. İkincisi isə, rejim dəyişkənliyi baş verir. Ayrı-ayrı illərdə vəziyyət fərqli ola, azsulu və çoxsulu illər ola bilər. Gursulu, daşqın dövrü çaylarımızda əsasən yaz fəslində müşahidə olunur".
R.Mahmudovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti mart ayında ölkənin çay hövzələrində qarölçmə işləri aparır. Hansı çay hövzəsində qar-su ehtiyatlarımızın nə qədər olduğu aydınlaşdırılır. Onun əsasında aprel, may və iyun aylarının, yəni gursulu dövrün proqnozu hazırlanır. Bu proqnozlar rəsmi sənəd kimi bütün dövlət qurumlarına və Prezident Aparatına göndərilir. Real faktlar həmin sənəddə yer alır. Ona görə də təsadüfi insanların ilin gursulu, yaxud azsulu olacağı ilə bağlı proqnoz verməsi doğru deyil. Yağış çox yağdı, su da çox olacaq kimi açıqlamalar nağıldır.
Milli Hidrometeorologiya Xidmətinin hazırladığı proqnozların hazırda təsdiqini gözlədiyini deyən professor, məlumatların təsdiq olunduqdan sonra açıqlanacağını bildirib: “Ancaq, mən bir tədqiqatçı kimi deyə bilərəm ki, bu il ola bilər ki, çaylarımızda, su anbarlarımızda keçən ilə nisbətən su ehtiyatı çox olsun.
Mingəçevir su anbarında da ötənilkinə nisbətən səviyyə daha çoxdur. Həm qar, həm yağışın çox düşməsi yaxşı haldır və prosesə müsbət təsir edir. Amma bu, çoxsulu il demək deyil”.
Aygün