Close

22:41
18 Aprel 2025

Çində 9 tələbə ölkənin ilk azərbaycanşünas kadrı olub

Çinin təhsil naziri Huay Cinpınq Pekin Xarici Dillər Universitetində (PXDU) olub. Nazir ziyarət zamanı Azərbaycan dili kafedrasına da baş çəkib.

Bu barədə TNS-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, o, Azərbaycan dili kafedrasının müəllim heyəti və kafedranın müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevlə görüşüb.

Qeyd olunub ki, Çinin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildə ümumrespublika imtahanı əsasında Azərbaycan dili ixtisasına qəbul aparılıb və 9 tələbə dörd il ərzində Azərbaycan dilini öyrənərək Çinin ilk azərbaycanşünas kadrı olub. PXDU-da birinci qəbulda (2018-2022-ci illər) Azərbaycan dili ixtisası üzrə təhsil almış tələbələr kafedranın ölkəmizlə bağlı həyata keçirdiyi müxtəlif layihə və tədbirlərdə yaxından iştirak ediblər. Ötən ilin sentyabrında universitetdə Azərbaycanşünaslıq elminin inkişafına yeni nəfəs vermək, iki ölkə arasında mədəni və elmi körpülərin qurulmasına təkan vermək, tələbə və tədqiqatçılar üçün yeni əməkdaşlıq imkanları yaratmaq, eyni zamanda iqtisadi və diplomatik əlaqələrin genişlənməsinə dəstək məqsədilə Birinci Çin Azərbaycanşünaslıq beynəlxalq konfransı keçirilib.