DİM aprelin 13-də keçirilən imtahanda səhv edib?- RƏSMİ CAVAB

“Aprelin 13-də keçirilmiş 9-cu sinif buraxılış imtahanı bir daha göstərdi ki, Dövlət İmtahan Mərkəzi (DİM) artıq imtahan təşkil etmək keyfiyyətini ciddi şəkildə itirmək üzrədir”.
TNS xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov yazıb.
O bildirib ki, imtahanın keçirilməsi zamanı baş verən texniki və təşkilati qüsurlar, xüsusilə xarici dil fənni üzrə dinləyib-anlama bölməsindəki xaos bu qurumun əvəzolunmaz olduğunu iddia etdiyi sistemə və gənc nəsillə davranışına necə səthi yanaşdığını üzə çıxarıb: “İmtahan modeli aydın şəkildə göstərir ki, dinləmə mətni əsasında ümumilikdə 4 test tapşırığı cavablandırılmalıdır. Bu, həm imtahan strukturunda, həm sınaq materiallarında, həm də əvvəlki illərin DİM nümunə testlərində açıq şəkildə göstərilib. Lakin imtahan zamanı mətni iki dəfə dinlətdikdən sonra, nəzarətçi tərəfindən elan olunub ki, şagirdlər dinləməyə əsasən 6 suala cavab verməlidirlər. Bu, tamamilə absurddur. Çünki yalnız 4 dinləmə sualı təqdim olunub, amma şagirdlərdən 5-ci, 6-cı suallara da “mətndən yadlarında qalanlara əsasən cavab vermək” tələb olunub”.
Məsələ ilə Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə TNS-ə açıqlama verib.
O bildirib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil fənni üzrə 4 tapşırıq dinləyib-anlama bacarıqlarının yoxlanılmasına aiddir: “Bu imtahandan öncə şagirdlərə verilən yaddaş kitabçasında, həmçinin imtahan zamanı sual kitabçalarının üzərində olan qısa təlimatda da göstərilib. Sadəcə mətnlə bağlı təlimat səsləndirilərkən “4” əvəzinə “6” deyilib. Bu yerində həll oluna bilən texniki məsələdir və imtahanın məzmununa heç bir təsir göstərmir. İmtahan başlamadan öncə bütün imtahan rəhbərlərinə və nəzarətçilərə bununla bağlı məlumat verilib və əvvəlcədən şagirdlərin də diqqətinə çatdırılıb. Yəni, məsələ yerində həll olunub, ona görə də bununla bağlı DİM-ə heç bir müraciət də daxil olmayıb”.
Aygün