Close

13:05
16 Aprel 2025

Bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb

Paytaxtda və Abşeron yarımadasında müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar məlumatlandırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) TNS-ə bildirilib ki, səhər saatlarından bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur.

Yağıntılı və küləkli hava şəraitinin olmasına baxmayaraq, avtobus sürücüləri vətəndaşlarımıza təhlükəsiz və fasiləsiz xidmət göstərir. Sürücülərə qapalı tunellər və keçidi mümkün olmayan ərazilər barədə məlumat verilib.

Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

Bir neçə yolda hava şəraiti ilə əlaqədar məhdudiyyətlər tətbiq olunduğu üçün həmin ərazilərdən keçən bəzi avtobusların hərəkət sxemi dəyişdirilib. Bu haqda tezliklə daha ətraflı məlumat veriləcək.