Azərbaycanın 35 % meşə ərazisi 11 %-ə necə düşüb?- Professordan açıqlama

Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu göstərici ilə dünyada ən az meşə örtüyü olan ölkələr qrupunda yer alırıq. Hazırda qlobal iqlim dəyişiklikləri və antropogen təsirlər nəticəsində Azəbaycanda meşələrin ümumi vəziyyəti “ekoloji gərgin” hesab edilir.
Bu fikirləri Elm və Təhsil Nazirliyinin Botanika İnstitunun Baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva TNS-ə bildirilib.
Professorun sözlərinə görə, son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olub. Bu gün isə meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Respublikamızda ekoloji gərgin rayonlardan hesab edilən Böyük Qafqazın cənub yamaclarında meşələrin yuxarı sərhəddi 200-500 m aşağı enib, antropogen amillərin təsirindən torpaq eroziyası sürətlənib.
“Aparılan təhlillərə görə 1975-ci ildə Azərbaycanda 24, 1984-cü ildə 28, 1989-cu ildə isə 45 növ nadir və nəslikəsilməkdə olan ağac və kol bitkiləri müəyyən edilib”,- Səyyarə İbadullayeva qeyd edib.
Professor vurğulayıb ki, Azərbaycanın flora və faunasına ən böyük zərəri Ermənistan vurub: “261 min hektar meşə fondu 30 ilə yaxın müddətdə işğal altında qalıb. Düşmənlərimiz tərəfindən ümumi sahəsi 8 min hektardan çox meşə sahəsi qırılıb. 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 69 flora növü məhv edilib”.