Close

Yazda qış havası - Yayda qar yağacaq?

Yaz fəslinin daxil olmasından bir aya yaxın vaxt ötsə də, havanın temperaturu kifayət qədər aşağıdır. Yazda havanın bu cür olması kənd təsərrüfatına ziyan vurmaqla yanaşı, insanların əhval-ruhiyyəsinə təsir edir. Artıq son illər, demək olar ki, yaz fəslinin olmadığı, qışdan birbaşa yay fəslinə keçidin yaşandığı müşahidə olunur.

Bəs, baş verənlər nə ilə əlaqəlidir?

Bu barədə TNS-in suallarını cavablandıran Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov bəzi məqamlara aydınlıq gətirib.

O bildirib ki, bu gün dünyada iki böyük təbii problem varsa, onlardan biri iqlim dəyişmələri və su problemi ilə bağlıdır: “Nəhəng okeanlardan tutmuş, bütün su hözvələri, yeraltı sular, çaylar hamısı iqlimin məhsuludur.

Mənim çoxillik tədqiqatlarım göstərir ki, bütün fəsillərdə temperatur artımı baş verir, yalnız yaz fəslindən başqa. Son illər qış fəslində, payızda və yayda temperatur artımı baş verir, yaz fəslində isə bu artım mövcud deyil. Amma bu o demək deyil ki, yaz fəsli sıradan çıxır. Sadəcə, qısa bir dövrülik yaranır.

Yaz fəslində temperaturun aşağı düşməsini 2007-2023-cü ilin rəqəmləri göstərir. Ötən ilin yazında temperatur heç artmadı, hətta mənfi oldu. Yaz fəslində temperaturun hansı səbəbdən bu cür olması ilə bağlı hər bir tədqiqatçının öz elmi yanaşması var. Gəlinən qənaət müzakirələrdən sonra təsdiq olunmalıdır ki, sonra bu barədə açıqlama vermək mümkün olsun. Adi Günəş şüasının düşmə bucağının cüzi dəyişməsi bütün radiasiya prosesinə təsir göstərə bilir. Yəni, ortaya çıxarılan nəticələr təsdiqini taparsa, bütün ölkələrdə bu halın müşahidə oldunduğu irəli sürülərsə, yalnız ondan sonra demək olar ki, yazda temperaturun azalmasına hansı amil təsir edir”.

Professor iqlim dəyişmələri fonunda yay fəslində hətta qar yağacağı ilə bağlı səsləndirilən fikirlərin fantaziya olduğunu deyir: “Yayın ortasında qarın yağması fantaziyadır. Amma, bu gün Yer kürəsində qlobal hava kütlələrinin hərəkətində dəyişmələr müşahidə olunur. Ümumi qanunauyğunluq var ki, Azərbaycanda qar bu aylarda yağır, Saxarada belə olur və s. Amma bu gün iqlim dəyişmələrinin təsirindən hava kütlələrinin hərəkətində dəyişmələr baş verir. Rütubətin daşınması istənilən anomal atmosfer hadisələrinin müşahidə olunmasına şərait yarada bilər. Məsələn, Ərəbistanda qarın yağmasını müşahidə edirik ki, bu, anomal bir haldır. Bəzən qışda elə temperatur olur ki, yayda elə isti olmur. Həmçinin, yay fəslində qış soyuğu görə bilirik. Yəni, belə hallar iqlim dəyişmələrinin təzahürləridir. Ancaq konkret olaraq, yayda bu yerdə qar yağacaq, yaxud yağmayacaq demək, sensasiya xoşlayanların elmi fantaziyasının məhsuludur”.

Aygün